Aslan İsmayılov: "Məhz bu cür addımlar iqtidar-müxalifət münasibətini düşmənçilik münasibətinə çevirib"

GÜNDƏM 01 fev 2021, 10:53
Vətən Müharibəsi dövrü kimlərin dövlətçilik, haqq-ədalət davası, kimlərin isə hakimiyyət, şəxsi maraqlar  davası apardığını yəqin ki, məni kimi çoxları da gördü. Müharibə başlayandan sonuna kimi hakimiyyətə qarşı radikal mövqedə olanları diqqətlə izlədim. Əksəriyyəti həmin dövr özlərini görməməzliyə qoyub bir müddət susdular, müharibənin gedişində çətinliklər yaranan kimi problemin məğzinə varmadan var gücləri ilə hakimiyyətin üstünə getdilər. 44 günlük müharibə dövrü onların Hakimiyyətə qarşı apardıqları mübarizə bir çox hallarda Dövlətə qarşı mübarizəyə çevrildi. Az bir qisim isə bu məqamı daim nəzərə aldı və var gücü ilə dövlətçilik maraqlarını qorudu. 

Demokrat.az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov sosial şəbəkədə yazıb.

Aslan İsmayılov bildirib ki, son illər hakimiyyətə qarşı kəskin tənqidi mövqeyində olması, ən sərt və arqumentli reportajları Meydan TV-ni hakimiyyəti tənqid edənlərin sırasında lider təbliğat vasitəsi etdi. Bununla belə, 44 günlük Vətən Müharibəsi dövrü bu mətbuat orqanı daim Dövlətinin yanında oldu. Müharibənin gedişində insanların ruh yüksəkliyinə, dövlətçiliyə zərər verəcək bir addım belə atmadı. Bu gün yenə kəskin tənqidi mövqelərini davam etdirirlər. Son günlər yenə hakimiyyət trolları Meydan TV-ni, xüsusilə ona rəhbərlik edənləri cəmiyyətə düşmən kimi təqdim edirlər. Hesab edirəm ki, hakimiyyət yuxarıda göstərdiyim hallara ciddi diqqət yetirməli və ancaq tənqidi mövqeyinə görə ayrı-ayrı mətbuat orqanlarını, jurnalistləri cəmiyyətə düşmən kimi təqdim etməməlidirlər. Hakimiyyət anlamalıdır ki, Azərbaycan adlı Dövlətin mövqeyini dünyaya çatdırmaq üçün Meydan TV kimi mətbuat orqanları onların yüzlərlə trollarından, trol rolu icra edən, dövlətin milyonlarını mənimsəyən "əməkdar jurnalist"lərindən qat-qat faydalı işlər görürlər. Ona görə də xaricdə fəaliyyət göstərən bu tip mətbuat nümayəndələrinə qarşı ancaq tənqidi fikirlərinə görə qaldırılmış saxta cinayət işlərinə xitam verilməli və onların vətənlərinə sərbəst gəlib getmələri, peşəkar fəaliyyətləri üçün şərait yaradılmalıdır. Belələri isə çoxdur.

"Belə halların olmadığını israr edənlərə konkret faktı göstərmək istəyirəm. Bir müddət əvvəl Meydan TV-nin bir çox əməkdaşlarına qarşı qanunsuzluqlar, təqiblər oldu. Bu gün Meydan TV-yə faktiki rəhbərlik edən Həbib Müntəzir məhz fəaliyyətinə görə təqib edildiyindən uzun illərdir ki, Azərbaycana gələ bilmir. Bildiyim qədər anası rəhmətə gedəndən bu günə qədər onun qəbrini də ziyarət edə bilməyib. Belə hallar isə yolverilməzdir. Məhz bu cür addımlar iqtidar-müxalifət münasibətini ölkəmiz üçün çox təhlükəli olan düşmənçilik münasibətinə çevirib. Qarabağ problemində mübarizənin hələ qarşıda olduğunu nəzərə alaraq bu cür hallar tam aradan qaldırılmalı və normal münasibətlər qurulmalıdır", deyə tanınmış vəkil sonda qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top