Azərbaycanda iş adamlarının qızıl fırıldağı — ŞOK TƏFƏRRÜAT

KRİMİNAL 25 dek 2020, 14:34
Azərbaycanda dələduzluq etməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Məmmədağa Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Məmmədağa Zülfüarov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törədib.

Belə ki, Məmmədağa Zülfüqarov tanışı Akif Əlizadəyə Ərəb Əmirliyinin Dubay şəhərindən Bakı şəhərinə böyük həcmdə qızıl əşyaları gətirib, satacağını və əldə olunacaq qazancı onunla bölüşdürəcəyini yalandan vəd verib.

O, Akif Əlizadədən Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3 saylı evin qarşısında 2014-cü ilin may ayının ortalarında oğlu İmran Əlizadə vasitəsi ilə 20.000 manat, bundan sonra həmin ilin may ayının axırlarında Binəqədi rayonu, Cəfər Xəndan küçəsi №3, 35 saylı mənzildə 25.000 manat, 2014-cü ilin iyun ayının əvvəllərində isə həmin mənzildə 50.000 manat məbləğində nağd pulu alıb.

İstintaq orqanı tərəfindən Məmmədağa Zülfüqarovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmmədağa Zülfüqarov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Məmmədağa Zülfüqarov apelyasiya şikayəti verib. O, barəsində ədalətli qərar qəbul edilməsi xahiş edib.

Məmmədağa Zülfüqarov şikayətini onunla əsaslandırıb ki, məhkəmələr tərəfindən qanunsuz olaraq əməli külli miqdar kimi qiymətləndirilib və barəsində ədalətsiz qərar qəbul edilib.

Belə ki, zərərçəkmiş şəxsdən əldə etdiyi 95.000 manat vəsaiti vahid niyyətlə deyil, qızıl bazarında olan tələb-təklif əsasında hissələrlə, 20.000 manat, daha sonra 25.000 manat və sonra 50.000 manat əldə edib, vahid niyyətlə ziyan vurmaq niyyəti olmayıb, belə bir niyyətinin olması halında 95.000 manat vəsaiti ilk öncədən tələb etməli olardı.

Məmmədağa Zülüqarov əməlini xeyli miqdarda dələduzluq törətməklə qiymətləndirilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Məmmədağa Zülfüqarovun apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Məmmədağa Zülfüqarov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Əziz Seyidovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar verilib.

Qərara görə, Məmmədağa Zülfüqarovun kasasiya şikayəti təmin olunmayıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top