Xalqının gələcəyini düşünən, Zəfərlərə imza atan Lider

GÜNDƏM 24 dek 2020, 11:16
2021-ci ilin astanasındayıq. Harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları artıq yeni ilə yeni  arzularla qədəm qoyacaq. Yeni arzuların, istəklərin, hədəflərin müəllifi, memarı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

30 il Azərbaycan xalqı bu istəklə yaşayırdı ki, işğal altında olan torpaqlarımız azad edilsin, bir milyondan artıq soydaşımız qaçqınlıq həyatına son qoyaraq öz dogma yurd-yuvalarına qayıtsın, yeni həyat başlasın. Hər bir bayram tədbirində, önəmli günlərdə ifadə edilən  əminlik bu idi ki, dövlətimizin uğurlu siyasəti, ordumuzun gücü, beynəlxalq dəstək, dövlət-xalq birliyi, həmrəyliyi əsasında tezliklə torpaqlarımız öz sahibinə qayıdacaq, üçrəngli bayrağımız həmin ərazilərimizdə dalğalanacaq.  Dövlətimizin başçısı İlham Əliyevin 44 günlük Vətən  müharibəsi  dövründə 30-a yaxın xarici mətbuata müsahibələrinin birində jurnalistin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır” sualına cavabında bildirmişdir ki, bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.

Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, 30 illik torpaq həsrəti sona çatdı.  Qarabağın ürəyi, musiqi  beşiyimiz olan Şuşamız öz tarixi sahibinə qayıtdi. Cənab İlham Əliyevin Sərəncamı ilə bu tarix- 8 noyabr  ölkəmizdə Zəfər Günü kimi təsis olundu.  Möhtərəm Prezidentimiz, Ali Bas Komandan İlham Əliyev tarixə qalib Azərbaycanın qalib Müzəffər Sərkərdəsi kimi daxil oldu. 2021-ci ilə qədəm qoyacağımız anın ilk qürurverici təbriki bu olacaq: Zəfərin mübarək Azərbaycan! Zəfərin mübarək Azərbaycan xalqı! Bu Zəfəri hər birimizə yaşadan dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Hər bir Azərbaycan vətəndaşının minnətdarlıq və təşəkkür müraciətində bu fikirlər öz əksini tapır ki,  cənab İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxsdir. Öz xalqını ürəkdən sevən, onun xoşbəxt gələcəyini düşünən tarixi şəxslər sırasına öz adını böyük hərflərlə yazan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsini yaratdı.

Son 17 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin gördüyü işlərin miqyası o qədər böyükdür ki, onlar barədə saatlarla, günlərlə, aylarla danışmaq olar. Bu işlərin zirvəsində İkinci Qarabağ müharibəsində Azərbaycanın siyasi Qələbəsi dayanır. Bu illər ərzində Azərbaycan gücləndi, qüdrətləndi, güclü ordusu formalaşdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı.  Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də müxtəlif istiqamətlərdən  hücumlarının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı.  Tarixi yenidən yazan Azərbaycan artıq torpaqlarının işğal deyil, işgaldan azad edildiyi günləri tarixinə yazıb və həmin günləri   böyük qürurla bayram  edəcək.

Təbii ki, şanlı Qələbəyə gedən  yol vardır.  29 illik müstəqillik tarixinə malik olan Azərbaycanın 27 ildə, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından  bu günə   iqtisadi, xarici siyasət, ordu quruculuğu sahəsində biri-birindən əhəmiyyətli uğurlara imza atan ölkəmiz  beynəlxalq hüququn norma və prinsipləri əsasında  10 noyabr Bəyanatının imzalanmasına nail oldu. Bu uğurlardan bəhs edərkən yenə də onların müəllifi,  Müzəffər Ali Baş Komandanın  səylərini, xalqına, dövlətinə bağlılığı fonunda  həyata keçirdiyi təşəbbüsləri, qəbul etdiyi qərarları xüsusi qeyd etməliyik.  Ali Baş Komandan 44 gündə  44 il danışılacaq Zəfəri yaşatdı Azərbaycana. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı  edirdi ki, əldə edilən uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Bu nikbinliyə əsas verən amillər məhz  Azərbaycanın bugünkü reallıqlarında ehtiva olunur.

Bu gün qalib Azərbaycanın yanında Ermənistanın necə göründüyünü geniş şərh etməyə ehtiyac yoxdur. Dövlətimizin başçısı İlham Əliyevin fikirlərinə istinad etsək, Ermənistan uğursuz ölkədir. Buna səbəb işgaldır.

Özünə saxta tarix yazıb, havadarlarının dəstəyi ilə bu yalanlarını  daim həqiqət kimi qəbul etdirəcəyini, Dağlıq Qarabağ münaqişəsinin  həllini uzatmağa nail olacağını  xəyal edən Ermənistan hakimiyyəti nə zamansa bu məqamla  üzləşəcəyini bilirdi. Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımızı belə düşmənə verməyəcəyik. Ermənistan nə qədər tez  işğalçılıq siyasətindən əl çəksə, bir o qədər özü üçün yaxşı olar.

Ermənistan 44 gündə Azərbaycan dövlətinin, möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti, ordumuzun gücü qarşısında diz çökdü. Illərdir yaradılan “yenilməz erməni ordusu” mifi dağıdıldı, güclü Azərbaycan  Ordusu dünyaya təqdim edildi. Hadisələrə ən böyük dəyəri zaman özü verir.  Saxta tarixin faktların dili ilə danışan tarix qarşısında acizliyi Ermənistanın hazırkı durumunda özünü qabarıq şəkildə göstərir.

Azərbaycanın tarixi Qələbəsinin, hərbi gücünün dünyaya bir daha təqdimatı olan Zəfər paradı da 2020-ci ilin  tarixə yazdığı qürurverici hadisələr sırasındadır. Cənab İlham Əliyevin Zəfər paradında bəyan etdiyi kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir: “Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”

44 günlük İkinci Qarabağ  müharibəsinin başa çatmasından sonra dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin və xanımı Mehriban Əliyevanın işğaldan azad edilən  rayonlara-Cəbrayıl, Füzuli, Ağdam, dekabrın 23-də Qubadlı və Zəngilan rayonlarına səfərləri ölkə Prezdentinin sevincini xalqla bölüşmək  istəyinin göstəricisi kimi dəyərləndirilir. Cənab İlham Əliyevin dogum günü ərəfəsində Qubadlı və Zəngilan rayonlarına səfərləri  ikiqat sevincdir.  Artıq möhtərəm Prezidentimiz İlham Əliyevin  bu rayonlarda  görüşü  öz torpaqlarından didərgin düşmüş soydaşlarımızla deyil, qaçqınlıq həyatına son qoyub bu sevinci yaşayan, Böyük Qayıdışı səbirsizliklə gözləyən insanlarladır.

Zəfər paradında   “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var” söyləyən ölkə Prezidentinin Qubadlı rayonuna səfəri zamanı yüksək əhval-ruhiyyə ilə dediyi  “Gün də çıxdı. Təbiət də bizi alqışlayır, salamlayır. Sahibləri gəlib bu torpağa” fikirləri bir daha bu reallığın təqdimatıdır ki, torpaq sahibində olanda nəfəs alar, canlanar, cənnətə çevrilər. Bu gün işğaldan azad olunan torpaqlarımız məhz o həyatı yaşayır. Zəfərin bir daha  mübarək Azərbaycan!  

Xatirə Əliyeva,
YAP Mətbuat xidmətinin əməkdaşı,
əməkdar jurnalist

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top