Zahid Oruc AZTV-ni necə birinci etdi? — BİABIRÇI SORĞU

TƏHLİL 23 dek 2020, 14:47
Vətən müharibəsi zaman əsas məqamlardan biri döyüş meydanında baş verənlərlə bağlı cəmiyyətin məlumatlandırılması idi. Bu prosesdə yerli media resursları və telekanallarla yanaşı, qardaş Türkiyə telekanalları da böyük rol oynadı. Xüsusilə informasiya müharibəsində qardaş ölkənin mediası Azərbaycana ciddi dəstək verdi və haqq səsimizi beynəlxalq məkana çıxardı. 

Bu müqəddəs işdə kimisə ayırmaq, hansısa media orqanını başqasından üstün tutmaq, yaxud hansısa telekanalı digərindən seçmək ədalətsizlik olardı. Çünki bütün jurnalist cameəsinin bir qayəsi var idi: cəbhədə baş verənləri ictimaiyyətə çatdırmaq, döyüşən ordumuzun qəhrəmanlığını işıqlandırmaq, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və informasiya cəbhəsində bir əsgər kimi döyüşmək.

Amma deputat Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğunun reallıqdan uzaq nəticələri Vətən müharibəsi zamanı informasiya təminatına yenidən qayıtmağı zəruri edir.

Sosial Tədqiqatlar Mərkəzinin araşdırmasında qeyd olunur ki, əhalinin 90,4 faizi müharibə zamanı məlumatı televiziyadan alıb. Ən çox baxılan kanal isə güya 62,6 faizlə AZTV olub. Əhalinin cəmi 4,2 faizi internet televiziyalrından, 1,2 faizi isə sosial şəbəkə səhifələrindən informasiya əldə edib.

Bu nəticələr araşdırmanın diletant və reallıqdan uzaq olduğunu açıq şəkildə göstərir. Bir qədər diqqətli olsaq, bunu görmək heç də çətin deyil.

Birincisi, sosial şəbəkələrə müraciət edənlərin sayının intetnet televiziyalarından az olması inandırıcı, hətta mümkün deyil. Çünki internet istifadəçilərinin məlumat aldığı ilk platforma məhz sosial şəbəkələrdir. 

Bir istifadəçi öncə sosial şəbəkələrə daxil olur və yalnız orada qabağına çıxan linki tıklamaqla media resursuna keçid edir. 

Digər media resursları kimi internet televiziyalar da öz məhsullarını sosial şəbəkələrdə reklam etməklə tamaşaçı kütləsi toplayırlar. 

Vətəndaşlar internet televiziyalarına sosial şəbəkə üzərindən daxil olursa, bu, böyük faizlə belə olur. İndi necə olur ki, sosial şəbəkələr internet televiziyalarda daha az göstəriciyə malik olur? Bu adi detal belə Sosial Tədqiqatlar Mərkəzinin araşdırmasının diletanlığından xəbər verir.

İkincisi, Sosial Tədqiqatlar Mərkəzi bu nəticələrə 600 nəfər arasında apardığı sorğu əsasında gəldiyini açıqlayır.

Cəmi 600 nəfər. Bu əhalinin təkcə informasiya alan hissəsinin milyonda biri etmir. Axı 600 nəfərlik sorğu ilə bütün ölkənin media platformasında qiymətləndirmək nə qədər həqiqətə yaxın ola bilər? Məntiqsiz və absurddur.

Absurd olan digər məqamlardan biri isə Sosial Tədqiqatlar Mərkəzinin telekanalların reytinqini hansı sistemlə və parametrlərə uyğun aparmasıdır.

Dünyada qəbul olunmuş reytinq ölçmə texnologiyaları mövcuddur. Onlardan bir neçəsini təqdim edə bilərik:

Tədqiqat metodlarına aşağıdakılar daxildir:

- Tamaşaçının telekanala təkrar daxil olması.

- Gündəlik tamaşaçı sayı ilə bağlı araşdırma aparmaq.

- Telekanalın auditoriyası haqqında avtomatlaşdırılmış şəkildə məlumat toplamaq: bu, adətən televiziyaya qoşulmuş xüsusi cihaz vasitəsilə gündəlik 15, yaxud 30 dəqiqəlik faisələlərlə həyata keçirilir.

- Nə qədər izlənildiyini qeyd edən, eyni zamanda, izləyicilərin demoqrafik xüsusiyyətlərini göstərən cihazdan da istifadə edilir;

Sosial Tədqiqatlar Mərkəzi araşdırma zamanı belə cihazlardan istifadə edibmi? 

Ümumiyyətlə, 44 gün davam edən Vətən müharibəsinin hər gününü araşdırıbmı?

Əminliklə deyə bilərik ki, xeyr. Çünki mərkəz cəmi 600 nəfər arasında tələsik soğru keçirdiyini və nəticələri bu sorğuya əsasən müəyyənləşdirdiyini açıqlayıb.

Ən biabırçı məqam isə bir araşdırma mərkəzinin direktorunun heç bir fakta əsaslanmayan nəticələri mətbuat konfransı keçirərək, ictimaiyyətə açıqlamasıdır.

Mərkəzin rəhbərinin Zahid Oruc olduğunu görəndə isə o qədər də təəccüblü görünmür. Çünki Ramiz Mehdiyevin sevimli kadrlarından biri olan, sonra isə islahatçı obrazına bürünən Zahid Oruc köhnə təfəkkürdən hələ də çıxa bilmir. Kostyum fərqli ola bilər, içindəki eyni insandır.


Halbuki, Prezidentin qərarı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzinin işi ciddi və məsuliyyətli olmalı idi. Görünən odur ki, mərkəzin yaranmasından illər keçsə də, Zahid Oruc hələ də öz işinin ciddiliyini və məsuliyyətini anlamır.

Mərkəzin telekanallar arasında AZTV-ni ilk pilləyə çıxarması da bu şəxsin hələ də köhnə zamanlarda olduğu kimi “yaxınlıq” prinsipindən irəli gəlir. 

Bunu anlamaq üçün, bir gün AZTV-nin efirinə baxmaq kifayət edir. Görəcəksiniz ki, Zahid Oruc və onun rəhbərlik etdiyi STM əməkdaşları televiziyanın efirindən düşmürlər. 

Bir daha aydın olur ki, Sosial Tədqiqatlar Mərkəzinin sözügedən araşdırması “əl əli yuyar, əl də üzü” prinsipinə söykənir. Yəni, AZTV mərkəzin rəhbəri və əməkdaşlarının təbliğini aparır, mərkəz də AZTV-nin. Vəssalam!

Tamamilə obyektivlikdən uzaqdır. Zahid Orucun bu sorğusunu yalnız I Qarabağ müharibəsinə, internetin, altetnativ informasiya kanallarının olmadığı, hər kəsin yeganə seçiminin AZTV-nin olduğu zamanlara aid etmək mümkündür. Zahid Orucun təfəkküründə 30 il sonra da da heç nə dəyişməyibsə, bu həqiqətən ciddi mesajdır, təkcə Sosial Tədqiqatlar Mərkəzi üçün yox, həm də dövlətimiz üçün...


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top