“The Economist” jurnalında ermənilərin törətdikləri dağıntılar barədə məqalə dərc olundu

GÜNDƏM 17 dek 2020, 15:03
Böyük Britaniyanın “The Economist” jurnalında dərc olunmuş “Azərbaycanlılar özlərinin dağıdılmış evlərinə qayıdırlar” sərlövhəli məqalədə Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərdə dağıdılmış şəhər mərkəzləri, kəndlər, qəsəbələr barədə məlumat verilir. Həmin ərazilərin altı həftə davam edən müharibə nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edildiyi diqqətə çatdırılır.

AZƏRTAC xəbər verir ki, müəllif Azərbaycan xalqına məxsus tarixi-mədəni irsin, abidələrin və məscidlərin dağıdıldığını və məhv edildiyini bildirir. Bir vaxtlar Azərbaycanın münbit və məhsuldar torpaqlara malik Füzuli rayonu işğaldan azad edildikdən sonra rayon ərazisində basdırılmış minlərlə minanın olduğu qeyd edilir.

Məqalədə Azərbaycanın Ağdam şəhərinin sakini Aidə Hüseynova ilə müsahibə də yer alıb. O, XIX əsrə aid dağıdılmış məscidin fotolarını göstərir, özünün 1993-cü ildə ermənilərin hücumundan əvvəl Ağdamı tərk edərək xilas olduğunu bildirir.

Müəllif həmin vaxt bir milyona yaxın azərbaycanlının köçkün düşdüyünü, indi onların işğaldan azad olunmuş rayonlarına geri qayıtmaq şansı əldə etdiklərini vurğulayır. Qeyd edir ki, buralar nüvə hücumuna məruz qalmış ərazini xatırladır. Hər tərəfdə kilometrlərlə uzanan divarların dağıntılarından başqa heç nə gözə çarpmır. Rayon ərazisində yeganə salamat qalan bina məsciddir. “Bu mənzərəyə ürək ağrısı ilə baxıram”, – deyə Aida Hüseynova bildirir.

Məqalədə altı həftə davam edən döyüşlər nəticəsində Azərbaycanın Ermənistan silahlı qüvvələrinin 1990-cı illərdən bəri işğal altında saxladığı Füzuli və Ağdam rayonları da daxil olmaqla öz ərazilərini azad etdiyi diqqətə çatdırılır.

Vurğulanır ki, ermənilər azərbaycanlılara məxsus bu rayonlardan bufer zonası kimi istifadə ediblər və onların bir çoxunu yaşayış üçün yararsız vəziyyətə salıblar. Binalar darmadağın edilib. Ermənilər azərbaycanlı sakinlərin qoyub getdikləri evləri talan ediblər. Ekspertlərin qiymətləndirmələrinə görə, bu kabus şəhərlərinin yenidən dirçəldilməsi üçün milyardlarla dollar vəsait lazımdır.

https://www.economist.com/europe/2020/12/19/azeris-return-to-their-ruined-old-homes?fbclid=IwAR3yT4FWcmkKUGJYTtlpquAtRVdR0RHHaGe2rVhqqqi3pw3bxqRe_4k9_YM​

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top