Adam var - evdən, adam var - eldən gedər…

GÜNDƏM 14 dek 2020, 09:48
Kəndimizin camaatının Şəhidlərimiz üçün tökdüyü göz yaşları qurumamış, bu dəfə də bir Şəhid qardaşının – parlaq zəkası və yüksək mütəxəssislik qabiliyyətiylə el-obamıza şöhrət gətirən gözəl ziyalımız Xəyal Məmmədxanlının qəfildən bizi tərk etdiyi xəbərini aldıq…

Bu gün Şeytanın silahı – COVİD-19 Azərbaycanın bu parlaq gəncinin də işıqlı ömrünü yarımçıq saxladı…

Bilməyənlər üçün deyim ki, əksəriyyətin daha çox uğurlu iş adamı, gözəl sığorta mütəxəssisi kimi tanıdığı Xəyal həm də Kolanı kəndinin ilk Qarabağ şəhidi olan İlqar Məmmədxanlının kiçik qardaşıydı. Bəlkə də bu səbəbdən idi ki, Xəyal özünü çiyinlərində Vətən yükünü daşımağa, boynunu Vətən məsuliyyətinin altına qoymağa həmişə hazır sayırdı. 

Kəndimiz, el-obamız ona çox ümid bəsləyirdi. Çünki el üçün yananlardan, gənc ömrünü el-obası üçün şama çevirənlərdən idi…

Əsilli-köklü, sayılıb-seçilən bir ailədəniydi və əsilzadə kökünü də özündən asılı olmadan daim davranışlarında hiss etdirən bir xüsusiyyətə sahibiydi: yeniliyə, irəliyə, öndə olmağa can atar, kimdənsə geri qalmağı qətiyyən xoşlamaz, yorulmadan öz üzərində işləyər və həmişə də ətrafına, dostlarına, el-obasına, bütövlükdə xalqına xeyirli, faydalı olmağa, xəyalındakı Azərbaycanı qurmağa çalışardı…

Atası Xasay əmi həmişə kəndimizin başbiləni, ağsaqqalı, sözü yerə salınmayacaq kişilərindən olub. Rəhmətlik həkim anası Familə xanımın qolları isə Kolanı kəndində dünyaya göz açan körpələrin ilk ana qucağı sayılıb - biz hamımız ilk olaraq onun səsini eşitmiş, onun nəfəsini duymuşuq… O biri qardaşı Vüqar Məmmədxanlı isə İlqarın itkisindən sonra daha bir qardaş itkisi yaşamamaq üçün öz ömrünü balaca qardaşına qurban verən kəsdir - böyrəyini yaşaması üçün Xəyala bağışlamışdı…

Heyif, çox heyif Səndən, Xəyal! 

Başın sağ olsun, kəndim, başın sağ olsun, Kolanım! Kəndimizdən keçən Naxçıvan çayının getdikcə azalan suyunu bu il də camaatımızın göz yaşları qurumağa qoymadı…

Elxan Şükürlü
"Strateq.az" saytının baş redaktoru

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top