Model Raziyyat Əliyevaya (Razi) qarşı zorakılıqda təqsirləndirilən iş adamı Ziya Hüseynzadə barəsində məhkəmə qərarı verilib.
Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən son iclasda hökm elan olunub.
Məhkəmənin qərarı ilə Ziya Hüseynzadənin əvvəlki cəzası da nəzərə alınmaqla yekun olaraq 9 il 6 ay azadlıqdan məhrum edilməsi müəyyənləşib. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 182, 177 və 186-cı maddələri üzrə bəraət verilib.
Qeyd edək ki, model Raziyyat Əliyeva şəxsi yazışmalarının yayılması və şiddətə məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Xəsarət izlərini əks etdirən fotoları sosial şəbəkədə paylaşan modelin iddialarını qarşı tərəf təkzib edərək böhtan adlandırmışdı.
Daxili İşlər Nazirliyinin rəsmi məlumatında Ziya Hüseynzadənin 2023-cü il mayın 26-da qarşı tərəfin anasının mənzilinə basqın edərək xuliqanlıq törətdiyi bildirilirdi. İş adamı əzab vermə, oğurluq, hədə-qorxu ilə tələb etmə, əmlakı qəsdən məhv etmə və xuliqanlıq maddələri ilə ittiham olunurdu.
Yəni məhkəmə iş adamına bəzi maddələr üzrə bəraət versə də, əvvəlki cəzasının üstünə əlavə müddət artıraraq son həbs müddətini 9 il yarım kimi müəyyən etdi. (Apa)


