"Qələbəmiz "beşinci kalonu" da məyus edib" — Onlar Musabəyovu tənqid etdilər

GÜNDƏM 05 dek 2020, 14:34
"Deputat Rasim Musabəyovun Rusiyanın NTV kanalına müsahibəsində səsləndirdiyi fikirlər onun subyektiv mövqeyini ifadə edir və tamamilə arqumentləşdirilməmiş, əsaslandırılmamış mülahizələrdir. Rasim Musabəyov deyir ki, “Türkiyə sülhməramlılarının Azərbaycana gələrək ermənilərlə azərbaycanlılar arasında dayanmasının mənası yoxdur. Çünki bu ermənilərdə təhlükəsizlik hissi yaratmır, əksinə...”. Əslində bu fikirlərlə Rasim Musabəyov 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarının işğal altında qalmasına dolayısıyla haq qazandırır. Çünki vaxtilə Ermənistan da Azərbaycanın ayrılmaz parçası olan Yuxarı Qarabağda yaşayan ermənilərin “təhlükəsizliyini təmin etmək üçün” digər 7 rayonumuzun işğalına haq qazandırmağa çalışırdı. Ona qalarsa, Rusiya sülhməramlılarının bölgədə mövcudluğu da çoxlarında təhlükəsizlik hissi yaratmır".

"MediaPost" xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli bəyan edib. 



O hesab edib ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ hiss məsələsi deyil, hüquqi məsələdir və bu proses BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, həmçinin ərazi bütövlüyü və sərhədlərin toxunulmazılığı ilə bağlı digər hüquqi-normativ aktlara uyğun şəkildə həyata keçirilir və keçirilməlidir. Yuxarı Qarabağ Azərbaycan ərazisidir və bu ərazidə sülhyaratma missiyasının təşkil edilməsi Azərbaycanın ali vəzifəli şəxslərinin yuristdiksiyası altında həyata keçirilir. Bu məsələ Rasim Musabəyovun səlahiyyətlərindən qat-qat yüksəkdə dayanır və onun belə məsələrlə bağlı imperativ fikir ifadə etmək səlahiyyəti yoxdur: "Qeyd edim ki, Rasim Musabəyov sonrakı açıqlamalarında bu sözləri Rusiya audutoriyası üçün səsləndirdiyini deyib. Belə anlaşılır ki, Musabəyovun siyasi baxışları danışdığı dilə və xitab etdiyi auditoriyaya görə dəyişir. Əslində, Rasim Musabəyovun bu mövzuda başqa resurslara verdiyi açıqlamalar, yaxud sosial şəbəkələrdə yazdığı statuslar NTV-yə müsahibəsindən heç də az qıcıqlandırıcı deyil.

Məsələn, Musabəyov First News Media-nın təqdim etdiyi statuslarından birində yazır ki, “Vacib deyil ki, Türkiyənin Azərbaycandakı hərbi iştirakı sülhməramlı kontingent görüntüsü alsın və Moskvadan bunun üçün razılıq alınsın”.

Burada “Moskvanın razılığının alınması” ilə bağlı hissə xüsusilə diqqəti cəlb edir. Söhbət Türkiyə sülhməramlılarının Azərbaycan ərazisində mövcudluğundan gedirsə, bu rəsmi Bakı ilə Ankara arasında həll olunası məsələdir. Burada “Moskvanın razılığının alınması” ifadəsinin işlədilməsi həm Azərbaycanın, həm də Türkiyənin suveren hüquqlarının, bir dövlət olaraq müstəqil qərar qəbul etmək imkanlarının, yumşaq ifadə etsək kiçildilməsinə xidmət edir. Rasim Musabəyovun danışdığı, yaxud yazdığı zaman bu incəlikləri nəzərə almaq imkanında olub olmadığını deyə bilmırəm, amma bir Azərbaycan vətəndaşı kimi belə yanaşmaları aşağılayıcı hesab edirəm. Hətta reallıqlar fərqli olsa da belə, Azərbaycan parlamentini təmsil edən bir şəxs belə danışmamalıdır.

Rasim Musabəyov həmin statusunda daha sonra yazır: “Türkiyənin F-16 eskadrilyası Azərbaycanda daimi və yaxud rotasiya qaydasında qala bilər. Bu Türkiyənin hərbi kontingentinə, müşavirlərinə və s. də aiddir. Bizim hərbi əməkdaşlığımızın belə genişlənməsi isə müvafiq qaydada hüquqi baxımdan leqallaşdırılmalıdır. Ümid edirəm ki, bu lazımi vaxtda baş verəcək”.

Xatırladım ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının bütün komponentləri iki ölkə arasında 2010-cu il avqustun 16-da imzalanmış Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Sazişində öz əksini tapıb. Sazişin "Hərbi-siyasi və təhlükəsizlik problemləri", "Hərbi və hərbi-texniki əməkdaşlıq"la bağlı hissələrində Rasim Musabəyovu narahat edən bütün məqamlara yer ayrılıb. Digər tərəfdən, daha öncə qeyd etdiyim kimi, Rasim Musabəyov nəyin, nə vaxt və necə ediləcəyi barədə iddialarla çıxış etmək səlahiyyətinə sahib deyil.

Musabəyovun fikirlərini tənqid edənləri “xroniki axmaq” adlandıran şəxsə isə 1999-cu il oktyabrın sonlarında, Azərbaycanda və Ermənistanda bir gün fərqi ilə baş verən hadisələri xatırlamağı tövsiyyə edərdim. Yaddaşı təzələməyin faydası var. Çünki axmaqlıq bir çox hallarda yaddaş pozulmasından qaynaqlanır."

Milli Məclisin deputatı Vahid Əhmədov həmkarı Rasim Musabayovun Türkiyə hərbiçilərinin Azərbaycana gəlməsinə qarşı səsləndirdiyi fikirlərinə sərt cavab verib.



Vahid Əhmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiyanın Azərbaycandakı "beşinci kalonu" yenidən fəallaşmağa başlayıb.

Onun sözlərinə görə, Vətən müharibəsi dövründə "beşinci kalon" Azərbaycan Ordusunun məğlub olacağını düşünürdü:

"Ancaq Vətən müharibəsində Ordumuz düşməni darmadağın etdi, torpaqlarımız işğaldan azad edildi. Şübhəsiz ki, qələbəmiz düşmənlər kimi "beşinci kalonu" da məyus edib. Onlar bunu gözləmirdilər. İndi "beşinci kalon"un yenidən fəallaşmasının səbəblərindən birid də məhz budur".

Deputat deyib ki, 44 günlük müharibədə qardaş türkiyənin Azərbaycana dəstəyi böyük olub:

"Ümumiyyətlə, kimliyindən asılı olmayaraq Türkiyəyə qarşı bu cür yersiz fikirlər səsləndirmək yolverilməzdir. İndi Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir. 44 günlük müharibə bir daha onu göstərdi ki, Türkiyədən olan qardaşlarımız sonadək yanımızdadırlar. Qardaş Türkiyə bütün istiqamətlərdə bizə dəstək oldu. Ona görə də qardaş Türkiyənin ünvanına xoşagəlməz fikirlər sələndirmək əsl azərbaycanlıya yaraşmaz. Hər kəs qardaş Türkiyə ilə bağlı danışanda fikirlərinə diqqət etməldir. 

Əksinə, biz çalışırıq ki, Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq daha da genişləndirilsin, Türk əsgərləri Qarabağa gəlsinlər, Şuşada, Laçında, Kəlbəcərdə Azərbaycan əsgərləri ilə çiyin-çiyinə dayansınlar. Hansısa deputat isə durub deyir ki, bu düzgün deyil. Axı niyə düzgün deyil? Mən bir daha açıq deyirəm ki, 44 günlük müharibədən sonra "beşinci kalon" yenə dirçəlməyə başlayıb. Buna imkan vermək olmaz. Bu adamları Azərbaycandakı "beşinci kalon"un başları ilə bərabər birdəfəlik əzmək lazımdır. Artıq bunun vaxtı gəlib çatıb. 

Eyni zamanda Milli Məclisin İntizam Komissiyası da Türkiyə əleyhinə səsləndirilən fikirləri araşdırıb lazımı addım atmalıdır".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top