““5-ci kolon”un qələbəni sıfıra endirmək kimi anti-təbliğatı ziyanımıza işləyə bilər”

MÜSAHİBƏ 19 noy 2020, 21:54

Azərbaycan erməni işğalından azad olundu. Bu günlərdə ölkə başçısı İlham Əliyevin Azərbayacan bayrağı sancılan Füzuliyə, Cəbrayıla, Xudafərinə səfərləri qələbədən sonrakı yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. İşğaldan azad olunan torpaqlarımızın erməni vəhşiliyi, vandallığı ilə dağıdılması faktı dünyaya bir daha nümayiş olunur. Lakin hələ də rayonlarımız -  Azərbaycan əsgərinin daxil olmadığı, diplomatların çözümü ilə həll olunacaq rayonlarda ermənilərin  torpaqlarımızı yandırmaqla nümayiş etdirdiyi vandallığını davam edir. Belə bir şəraitdə ölkə əhalisi regiona sülhün təmin olunması ilə bağl gətirilən sülhməramlıların proseslərə sadəcə müşahidəçi kimi baxmasını birmənalı qarşılamır.
 

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Versus.Az-a müsahibəsində bir çox maraqlı nüanslara diqqət çəkib.

 

- Hafiz müəllim, bu günlərdə Prezident İlham Əliyevin Cəbrayıla, Xudafərin körpüsünə, Füzuliyə etdiyi səfərlər ictimaiyyət tərəfindən işğaldan azad olunmuş torpaqlara qayıdışın başlanğıcı kimi ruh yüksəkliyi ilə qəbul olundu. Necə hesab edirsiz, bu qayıdış ölkə və dünyaya mesajlarını diqtə etdi?

 

- Qalib dövlətin, qalib prezidentin işğaldan azad olunmuş bölgələrə getməsi çox təbii prosesdir, biz bunu alqışlayırıq. Cənab Prezident bir daha sübut elədi ki,  Azərbycan öz torpaqlarının sahibidir və heç kəs bu yerlərdə ağalıq edə bilməz və düşmən öz həddini bilməlidir. Bu səfər Azərbaycan xalqının bir daha səfərbər olaraq öz torpaqlarının dirçəlməsinə yönəlik bir hadisənin başlanğıcıdır. İşğaldan azad olunmuş ərazilərimizdə yeni yolların çəkilişi, infrastrukturun qurulması, sənaye mərkəzlərinin yaradılması yeni prosesin başlanmasıdır. Biz Prezidentə mənəvi dəstəklə yanaşı, siyasi dəstək də olmalı, ona arxa durmalıyıq. Mən bu səfəri yüksək qiymətləndirirəm. Düşünürəm ki, biz bundan sonra da hamımız bir yerdə olub qələbəmizi Azərbaycanın bütün torpaqlarına yaşatmalı, bayrağımızı Xankındində sancmalıyıq.


Azərbaycan xalqı bu gün milli birliyi əvvəlkindən daha çox qorumalıdır. Azərbaycan dövlətinin milli birliyini sona qədər qorusaq, bütün işğaldan azad olunan, düşmənin xarabazara çevirdiyi torpaqları abadlaşdırıb, uçan binaları yenidn ucaldacağıq. Füzulidə, Cəbrayılda, Zəngilanda və bundan sonra da azad edilmiş bütün torpaqlarda infrastrukturlar yaradılacaqdır və 27-30 il öncə o torpaqlardan qaçqın, didərgin salınmış soydaşlarımız da torpaqlarına qayıdacaq, həmin relyefə uyğun olaraq şəhərlər, kəndlər yenidən qurulacaq. Buna görə də, hamımız cənab Prezidentə minnətdar olmalıyıq, çox böyük işlərə başlayıb, bu işlərin qurulmasında hər birimiz onunla birlikdə müfəssəl əsgər kimi birgə çalışmalıyıq.

 

- Necə hesab edirsiz, belə bir çətin dönəmdə Azərbaycanın uğurlarını kölgələyən hansı əks-təbliğatla bağlı nüanslara diqqət yönəltmək olar. Konkret olaraq, daha çox Rusiya sülhməramlılarının gəlişi və hazırda fəaliyyətində Azərbaycana qarşı əks addımların olması ilə bağlı sosial mediada yayılan məlumatlarla bağlı önə çəkilən nüansları ortaya çıxaran səbəblər nədir?

 

- Azərbaycan xalqı torpaqların işğaldan azad olunması prosesində Ali Baş Komandanın ətrafında bir dəmir yumruq kimi birləşdi və düşmənin başını Şuşa qalasında əzdi. Düşmən çökdürüldü. Hazırda Azərbaycanın digər ərazilərinin işğalçılardan təmizlənməsi diplomatik proseslər müstəvisində davam edir. Bununla bağlı üçtərəfli bəyannamə var. Və Qarabağa gətirilən sülhməramlılar bu bəyannaməyə uyğun olaraq hərəkət etməlidir. Lakin bu sülhməramlılarla bağlı müyyən neqativ fikirlər yayılmaqdadır. Düşünürəm ki, əhalini ruhdan salmaq üçün informasiya müharibəsi gedir. Əslində, əhalini ruhdan salmağa yönələn məlumatları yayanlar “5-ci kolon”un idarəçiliyi ilə hərəkət edir.


“5-ci kolon” indi də əhali arasında parçalanma yaratmaq üçün işləyir. Biz Azərbaycan dövlətçiliyinə zərbə vuran hər bir məsələnin üzərinə getməliyik. Məhz o zaman düşmənə öz məqsədlərinə çatmağa imkan vermərik və problemi vaxtında həll edə bilərik. Bu dəqiqə ölkə daxildə çox böyük anti-təbliğat işləri qurublar. Həm “5-ci kolon”un maliyyələşdirdiyi xarici dövlətlərdən yayılan internet kanalları, həm də Azərbaycanın daxilində rus sülhməramlılarını bizim üçün təhükə mənbəyi göstərməklə insanlarda qorxu hissini yaradırlar. Bizim qələbəmizə heç bir kölgə sala bilməzlər. Putin özü də bu günlərdə etdiyi çıxışında Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu açıq elan elədi. Biz də burdan elan edirik ki, tarixdə Ermənistan adında dövlət olmayıb. Biz yayılan neqativ şaiyələrin qarşısını almaqla, Azərbaycan xalqını ruhdan düşməsinə imkan verməməliyik. Azərbaycan xalqının, sadə vətəndaşlarının şəhidliyi, qaziliyi üzərində azad olunan bu torpağın qələbəsinə heç kimin kölgə salmağa ixtiyarı yoxdur. Amma hər halda “5-ci kolon”un rəhbərliyi altında çox böyük təbliğat işləri gedir. Azərbaycan hakimiyyətinin daxilində bu prosesə qoşulanlar var. Xarici kanallara məlumat ötürənlər var. Biz bu prosesdə də çox böyük fədəkarlıq eləməliyik. Bu prosesdə yeganə söz sahibi olan şəxs Ali Baş Komandandır və biz ona inanmalı, onun yanında olmalıyıq. Onun  gördüyü işlərə kölgə salmaq istəyən, onu qaralamaq istəyən qüvvələr var. Bunu şəhidlərin ruhuna təhqir hesab edirəm. “5-ci kolon”un bu gün qələbəni sıfıra endirmək kimi anti-təbliğatı bizim ziyanımıza işləyə bilər. Guya sülhməramlıların orda yerləşdirilməsini bizim torpaqların yenidən işğalı kimi təbliğ edirlər. Təbii ki, bu heç cür mümkün deyil, ola da bilməz. Onu nəzərə almaq lazımdır ki, bu prosesdə qonşu qardaş Türkiyə dövləti də bizimlə bir yerdə addımlayacaq. Türkiyə Millət Məclisi də bu qərarı, təsdiq elədi. Sülhün yaradılmasnda da birgə fəaliyyət göstərəcəyik. Amma bütün hallarda biz dekabrın 1-nə qədər Kəlbəcərin, Laçının, Ağdamın boşaldılmasını gözləməliyik. Ondan sonra digər məsələlərdə də öz qəti fikrimizi bildirəcəyik.  


Amma hələ ki, “5-ci kolon” millətin beynini zəhərləyir.  Təbii ki, hüquq-mühafizə orqanları bunu araşdırmalıdırlar və başında Ramiz Mehdiyev durursa, həbs edilməlidir və onunla birlikdə hakimiyyətdə kök salmış məmur təbəqəsi də var ki, onlar da bu gün cücəriblər. Görürsünüz ki, parlamentdə olan bu qəbildən deputatların da “qarnına sancı” dolub. Biri var, tez-tez deyir ki, ermənilər həmişə burda yaşıyıb, yaşasınlar. Sanki bunu təbliğ etməklə nə olacaq. Yaxşı, ermənilər burda yaşayıbsa, biz də İrəvanda, Zəngəzurda, Vedibasarda - Qərbi Azərbaycanda  yaşamışıq, bunu niyə demirsiz!?. Görürəm ki, cənab Prezidentin iradəsinin əksinə gedənlər var. Biri də,  Rusiyadakı səfirimiz Polad Bülbüloğlu da deyir ki, ermənilərə mədəni muxtariyyat verilməlidir. Hansı ki, prezident deyir ki, heç bir muxtariyyatdan söhbət gedə bilməz. Ay deputatlar, erməninin yaşayışından narahat olanlar, onsuz da onları müdafiə edənlər çoxdur, siz öz hayınıza qalın, bəsdirin!.. “5-ci kolon”un o bəzi “şaqqıldaxlı” deputatları, hansı ki, döşdərindən dəmir-dümür taxıblar, bir yandan susmurlar ki, o torpaqlarda ermənilər yaşayıblar, yenə yaşamalıdırlar. Axı sən öz vətəndaşını, öz tarixini niyə təbliğ etmirsən. Niyə demirsən ki, bizim qədim torpaqlarımızdan azərbaycanlılar qovulub!? Biz bununla razı deyilik, bu, Azərbaycan xalqının ruhuna yaddır. Bütün bunlar milləti ruhdan salmaq üçün ortaya atılmış oyunlardır. Və bunların da qarşısı qəti şəkildə alınmalıdır.

 

- Xəbərlər verilir ki, artıq Kəlbəcərdən, Laçından, Ağdamdan  çıxarılan ermənilər Xankəndinə yığışır. Və belə xəbərlər də var ki, separatçı erməni xuntanın nümayəndəsi Araik Harutunyanla sülhməramlıların görüşləri, danışıqları xatirə fotolarında da göründüyü kimi rəvan gedir. Əhalimizi narahat edən məqamlardan biri də budur ki, niyə sülhməramlı rəhbəri danışıqlarının nəticəsi olaraq cinayətkar Araik Harutunyanı həbs edib Azərbaycana təhvil verilmir? Niyə sülhməramlılar bu torpaqların yandırılmasının qarşısını almır?

 

- Sülhməramlılar hələlik burda ikili oyunlar oynayırlar.  Təbii ki, bizim hərbçilərimiz də onların yanında dayanmalıdır. Torpaq bizimdir və heç kim bizim torpaqlarımıza yiyə dura bilməz və nə də bu torpaqların ağrısını, təəssübünü bizim kimi çəkə bilməzlər. O cümlədən də sülhməramlı adı ilə Azərbaycana gətirilən hərbçilərin, hansı ki, bunların əsl məramlarını da dərindən bilmirik. Hər halda ayın 1-nə qədər gözləməliyik. Bizim baş prokurorluğumuz cinayətkar Harutunyana cinayət işi qaldırıb, o da Xankəndindədir, Azərbaycan torpağındadır. Göstəriş verilməli və cinayətkar həbs olunmalıdır. Bunun özü də milləti ruhdan salan bir amildir. Xankəndində yaşayan ermənilər digər rayonlarımızda yaşayan digər xalqlar kimi yaşaya bilərlər. Amma cinayətkarlar həbs olunmalıdır. Harutunyan da elə sülhmıramlıların iştirakı ilə həbs olunub Azərbaycana təhvil verilməlidir. Bu, təkcə sənədlərdə qalmamalıdır. Bu baş versə, ən böyük təbliğat olacaq və əhali arasında bununla bağlı ruh düşkünlüyü aradan qalxacaq. Sülhməramlı rəhbəri gedib cinayətkarla danışıb şəkilləri paylaşır. Yəqin ki, onun köməyi ilə həbsi daha uyğun olar. Yəqin ki, məsələlər dekabrın 1-dən sonra aydın olacaq. Və inanıram ki, Azərbaycanın bütün rayonlarında tam qələbəmizə nail olacağıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top