Ermənistanda sual edirlər: “Paşinyan mövqeyini hər gün dəyişirsə danışıqlar mümkündür?”

DÜNYA 29 okt 2020, 13:25

Az əvvəl məlum olub ki, Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu günə nəzərdə tutulan görüşün vaxtı dəyişdirilib. Azərbaycan XİN-dən bildirildiyinə görə, nazirlərin görüşünün yeni vaxtı barədə Minsk Qrupunun həmsədrləri ilə məsləhətləşmələr aparılacaq.

 

Görüşün təxirə salınmasının səbəbi açıqlanmır.


***


Bu gün Cenevrədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş nəzərdə tutulur. Görüşdə məqsəd atəşin dayandırılması razılaşmasının həyata keçirilməsini və tərəflərin danışıqlar masası arxasına qayıtmasını müzakirə etməkdir.


Lakin Ermənistanda nəşr olunan “Qraparak” (“Meydan”) qəzeti yazır ki, Paşinyanın mövqeyini az qala hər gün, hər saat dəyişdiyi bir vaxtda bu görüşün və danışıqların mənası olmayacaq.


“Həmin görüşə qədər baş nazir Nikol Paşinyan birbaşa efirdə dedi ki, daha Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur və hamını könüllülər dəstəsinə yazılmağa, cəbhəyə yola düşməyə çağırdı. Növbəti canlı yayımında isə baş nazir dedi ki, “biz ağrılı kompromislərə hazırıq”, ertəsi gün isə dedi ki, bunu deməklə cəmiyyətin reaksiyasını yoxlayırdı və əslində biz hər santimetr torpaq uğrunda vuruşmalıyıq”,-qəzet yazır.

 

 

Qəzetin əməkdaşı Paşinyanın bəyanatlarının Cenevrə danışıqlarının ruhuna zidd olduğunu və belə vəziyyətdə həmin görüşün atəşkəsə gətirib çıxarmağa nə dərəcədə kömək edəcəyini XİN-in mətbuat katibi Anna Nağdalyandan soruşub. Nağdalyan “mən bu məsələyə şərh vermirəm” deyib. Bəs görüş baş tutacaqmı? Nağdalyan buna da cavab verməyib. Ola bilərmi ki, görüş olmasın? “Mən bu suala da cavab vermirəm”,-XİN nümayəndəsi deyib.


Bildirilir ki, xarici işlər naziri Z.Mnatsakanyan dünən axşam hələ Yerevanda idi və Cenevrəyə yola düşməmişdi.(virtualaz.org)


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top