Alıcıların NƏZƏRİNƏ: Saxta və ikinci əl telefonların sayı ARTACAQ

GÜNDƏM 27 oktyabr 2025, 15:50
"100 manatlıq əlavə şəxsi idxal rüsumu və 20 manatlıq əlavə aksiz vergisi istehlakçıları yeni cihaz əvəzinə ikinci əl və ya təmir olunmuş telefon modellərini ölkəyə gətirməyə təşviq edə bilər. Bu isə ölkədə telefon və aksessuarlar bazarında ikinci əl məhsulların sayının artmasına səbəb olacaq və nəticədə keyfiyyətin aşağı düşməsinə gətirib çıxaracaq".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.

O, bildirib ki, Azərbaycanın mobil telefon bazarında qeyri-qanuni yollarla daxil olan məhsulların sayı arta, saxta məhsulların sayı çoxala bilər:

"Rəsmi olmayan yollardan istifadə etməklə bəzi kiçik telefon ticarətçiləri daha çox insanı bu prosesə cəlb edə bilərlər. Nəticədə bazarda keyfiyyətsiz və saxta məhsulların sayı arta bilər".

Ekspert bildirib ki, bu qanun layihəsi birbaşa olmasa da, mobil telefon bazarındakı davranışları dəyişdirəcək:

"Şəxsi idxalda ikinci və daha çox cihaz üçün tətbiq edilən 100 manatlıq rüsum bazarın müəyyən qədər kiçilməsinə səbəb ola bilər. Satıcılar üçün isə qiymət və satış strategiyası formalaşacaq".

Onun sözlərinə görə, 20 manatlıq aksiz vergisi sahibkarların əlavə marja yaratmaq meyillərini artıracaq və bazarda qiymətlərin artmasına gətirib çıxaracaq:

"Nəticədə yeni qanunlar bazarda saxta və ikinci əl telefonların sayının artmasına və keyfiyyətin aşağı düşməsinə səbəb olacaq.
Hüquqi şəxslərə tətbiq edilən 20 manatlıq aksiz isə qiymətlərin artmasına təsir edə bilər".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top