"Turistlər ölkəyə gələnd iqtisadiyyata töhfə verir" — AÇIQLAMA

GÜNDƏM 09 oktyabr 2025, 19:51
“Azərbaycanda turizm axınının azalmasının əsas səbəbi ölkənin turizm siyasətinin effektiv olmamasıdır. Xüsusilə quru sərhədlərin uzun müddət bağlı qalması bu prosesə ciddi mənfi təsir göstərir”. 

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

O əlavə edib ki, quru sərhədlər bağlı olduğu halda turizmin inkişafından danışmaq qeyri-realdır:

“İnsanların rahat gediş-gəlişi təmin olunmalıdır ki, ölkəyə turist axını artsın. Müqayisə üçün, qonşu Gürcüstana nəzər salaq, Gürcüstana gələn turistlərin sayı Azərbaycana gələnlərdən azı 3-4 dəfə çoxdur. Halbuki Gürcüstanın turizm potensialı və təbii-tarixi destinasiyaları Azərbaycana nisbətən daha azdır. Sadəcə olaraq, onlar bu sahədə daha çevik və effektiv siyasət həyata keçirirlər. Bunun başlıca səbəblərindən biri Azərbaycanda turizm sahəsində sərbəstliyin və azad rəqabət mühitinin yetərincə olmamasıdır. Turizm sahəsində liberallaşma həyata keçirilməlidir”. 

Ekspert qeyd edib ki, ölkəyə giriş-çıxış prosedurları sadələşdirilməli, əksər ölkələrlə viza tələbi ya ləğv edilməli, ya da viza prosesi sürətləndirilməlidir:

“Turistlər ölkəyə gələndə burada xərcləyir, iqtisadiyyata töhfə verir. Amma hazırkı mövcud şəraitdə bu imkanlar məhduddur. Keçən il qismən artım yalnız COP tədbirləri ilə bağlı olmuşdu. Amma bu tədbirlər il boyu davam etmədiyindən turizmdə ümumi aktivlik təmin olunmadı. Hazırda Azərbaycanın turizm sahəsində rəqabət üstünlüyü getdikcə azalır. Pandemiyadan əvvəlki xüsusilə 2015-2016-cı illərdəki inkişaf tempini bərpa etmək mümkün olmur. Halbuki qeyri-neft sektorunun əsas inkişaf istiqamətlərindən biri turizmdir və bu sahədə ciddi islahatlara ehtiyac var”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top