Politoloq: "Prezidentin çıxışı beynəlxalq ictimaiyyətin marağına səbəb oldu"

GÜNDƏM 26 sentyabr 2025, 17:17
"Azərbaycan Prezidentinin BMT-nin 80-ci yubiley toplantısında iştirakı, çıxışı və keçirdiyi görüşlər kifayət qədər önəmlidir. Bu səfər zamanı Prezident yalnız dövlət rəsmiləri ilə deyil, həm də dünyanın aparıcı maliyyə və enerji korporasiyalarının nümayəndələri ilə görüşlər keçirib, onların Azərbaycana investisiya yatırmaq və müəyyən layihələrdə iştirakla bağlı fikirlərini alıb".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

"Azərbaycanın yaratdığı yeni reallıqlar və sülh gündəliyi Cənubi Qafqazı daha cəlbedici məkan halına gətirib. Artıq böyük şirkətlər bölgəyə investisiya yatırmaq barədə qərarlar qəbul etməyə başlayıblar".

O bildirib ki, Prezidentin çıxışı həm lakonik, həm də əhatəli idi:

"Burada Azərbaycanın işğala məruz qalması, BMT-nin dörd qətnaməsinin qəbul olunmasına baxmayaraq icra edilməməsi, işğalın davam etmə səbəbləri, Azərbaycanın öz gücü ilə ərazi bütövlüyünü təmin etməsi, yeni reallıqlar yaratması və sülh gündəliyini irəli aparması məsələləri vurğulandı.

Prezident qeyd etdi ki, 8 avqustdan sonra bölgə ciddi şəkildə sülhə doğru irəliləyir. Eyni zamanda, o, iki vacib məsələni beynəlxalq tribunadan səsləndirdi. 
Bu məsələlər Ermənistanın minalanmış ərazilərlə bağlı xəritələri təqdim etməməsi və mina terrorunun yaratdığı təhlükələr haqqında idi".

O deyib ki, bundan başqa, Birinci Qarabağ müharibəsindən bu günədək 4000-ə yaxın Azərbaycan vətəndaşının  taleyi ilə bağlı məsələyə də toxundu:

"Prezident Azərbaycanın sülh gündəliyinə sadiqliyini, investisiya mühitinin yaxşılaşdırılmasını, regionun tam şəkildə sülh məkanına çevrilməsini, bərpa və quruculuq işlərinin sürətlə aparıldığını vurğuladı. Ümumilikdə, Prezidentin bu toplantıda iştirakı kifayət qədər əhəmiyyətli oldu və beynəlxalq ictimaiyyətin marağına səbəb olan mühüm hadisə kimi yadda qaldı".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sentyabr 2025, 17:52
Top