“İki qardaş ölkə gələcəyin kadrlarını formalaşdıracaq” — Ekspert

GÜNDƏM 26 sentyabr 2025, 18:35
“Azərbaycan və Türkiyə arasında təhsil sahəsində imzalanan əməkdaşlıq protokolu ölkəmizin təhsil sisteminə mühüm töhfələr verə bilər. Bu, addım iki ölkə arasında müəllim və tələbə mübadiləsini gücləndirəcək, ortaq proqramların inkişafına imkan yaradacaq”. 

Bunu təhsil eksperti Əli Əhmədov Demokrat.az-a açıqlamasında deyib.

Ekspert əlavə edib ki, gənclərimizin Türkiyədə təhsil alması və təcrübə qazanması onların bilik və bacarıqlarını zənginləşdirəcək:

“Türkiyə tələbələri də Azərbaycan təhsil mühitini yaxından tanıyacaqlar. Protokol həm də birgə elmi-tədqiqat layihələrinin reallaşdırılmasına zəmin yaradacaq, universitetlər arasında akademik əməkdaşlığı artıracaq. Bu isə Azərbaycanın elmi potensialının güclənməsinə, beynəlxalq arenada daha çox tanınmasına səbəb olacaq. Həmçinin ortaq dərsliklərin, tədris metodologiyalarının hazırlanması, müəllimlərin peşəkarlığının artırılması istiqamətində böyük imkanlar açılacaq. Bu əməkdaşlıq təhsil sistemimizin beynəlxalq standartlara uyğunlaşdırılması və rəqabətədavamlı kadrların hazırlanması baxımından əhəmiyyətlidir. Türkiyənin təhsil təcrübəsindən bəhrələnmək, Azərbaycanda tətbiq etmək uzunmüddətli perspektivdə keyfiyyətli insan kapitalı formalaşdıracaq. Bu əməkdaşlıq həm də iki qardaş ölkənin strateji tərəfdaşlığını daha da möhkəmləndirəcək. Protokol yalnız kağız üzərində deyil, praktik addımlarla dəstəklənərsə, Azərbaycan təhsilinin gələcəyinə böyük töhfə verəcək”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sentyabr 2025, 20:16
26 sentyabr 2025, 17:52
Top