Vergi güzəştləri ilə bağlı müzakirələr: 2026-cı ildən nə dəyişəcək?

GÜNDƏM 25 sentyabr 2025, 17:17
"1 yanvar 2019-cu ildən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, fiziki şəxslərin 8 min manata qədər olan gəlirlərindən 0 dərəcə ilə vergi tutulur. Lakin bu güzəşt yalnız qeyri-neft və qeyri-dövlət sektorunda çalışan işçilərə şamil olunurdu və bu qayda hələ də qüvvədədir. Dövlət və neft sektorunda isə buna ehtiyac duyulmadı, çünki həmin sahələrdə gəlirlərin uçotu daha şəffaf aparılırdı".

Bunu Demokrat.az-a açıqlamasında vergi məsələləri üzrə ekspert Anar Bayramov deyib.

O, bildirib ki, əslində bu güzəştin məqsədi sahibkarların işçilərə verdiyi əməkhaqqını dürüst bəyan etməsini təmin etmək idi:

"Çünki özəl sektorda vergilərin və sosial ödənişlərin yüksək faizləri səbəbindən işçilərin maaşları tez-tez qeyri-rəsmi şəkildə ödənilirdi. Dövlət sektorunda isə bu problem mövcud deyildi.Artıq bu güzəşt müddətinin 7 ili başa çatır və 2026-cı ilin yanvarından yeni qaydalar qüvvəyə minəcək. Amma hələlik dəqiq bilinmir ki, bu güzəşt uzadılacaq, yoxsa yeni alternativ faiz dərəcələri və ya metodologiya tətbiq olunacaq. Bunun Vergi Məcəlləsinin 2026-cı il üçün qəbul ediləcək dəyişikliklərində öz əksini tapacağı gözlənilir".

Ekspert bildirib ki, dövlət büdcəsinin gəlirlərində 2 milyard 567 milyon manat fiziki şəxslərin gəlir vergisinin payına düşür:

"Amma bu rəqəm yalnız əməkhaqqılarından tutulan vergiləri deyil, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti, icarə haqqı, dividendlər, faiz gəlirləri və digər gəlirlərindən toplanan vergiləri də əhatə edir. Bu səbəbdən də rəqəmin hamısının əməkhaqqı vergisinə aid olduğunu düşünmək yanlışdır".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 sentyabr 2025, 18:51
Top