Ölkəmizin ərazisində separatçılar və terrorçular yoxdur — Deputat

GÜNDƏM 25 sentyabr 2025, 17:46
“Torpaqlarımız işğaldan azad edildikdən sonra "Böyük Qayıdış" layihəsinin geniş miqyasda icra olunmasının qarşısında duran əsas maneələrdən biri hələ də ərazilərimizdə erməni separatçılarının və terrorçularının mövcudluğu idi”.

Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib.

O bildirib ki, coğrafi baxımdan, Xankəndi, Ağdərə və Əsgəran rayonlarının əraziləri daha yüksəkdə yerləşdiyi üçün Ağdam, Füzuli, Zəngilan və Qarabağın digər düzənlik əraziləri üçün məskunlaşma zamanı təhlükəsizlik baxımından problemlər yarana bilərdi:

“Çünki ermənilər uzun müddət separatçılıq və terror fəaliyyətlərindən əl çəkmədilər. Təəssüf ki, bəzi xarici güclərin dəstəyi ilə bu fəaliyyətlərini davam etdirərək, ölkəmizin təhlükəsizliyi üçün daimi təhdid mənbəyinə çevrilmişdilər. Qarabağın tam azad olunması və Azərbaycanın suverenliyinin tam bərpası məqsədilə 2023-cü il sentyabrın 20-də həyata keçirilən lokal antiterror əməliyyatı son dərəcə mühüm əhəmiyyət daşıyırdı. Əgər bu əməliyyat icra olunmasaydı, bu gün də torpaqlarımızda terrorçular qalmaqda davam edəcəkdi. Biz öz ərazilərimiz üzərində tam nəzarətə sahib ola bilməyəcəkdik. Həmin günlərdə ölkə rəhbərliyinin Qarabağa səfər etməsi, vətəndaşlara evlərinin açarlarının təqdim olunması, doğma yurdlara qayıdış prosesinin başlaması, yeni kəndlərin təməlqoyma mərasimlərinin keçirilməsi göstərdi ki, bu əməliyyat yalnız hərbi yox, həm də siyasi və sosial baxımdan böyük bir dönüş nöqtəsi idi. Son günlərdə Xankəndidə baş verən bəzi hadisələr də bir daha sübut edir ki, Azərbaycan dövləti vaxtında, qətiyyətli və cəsarətli qərar qəbul etməklə öz ərazi bütövlüyünü və daxili təhlükəsizliyini bərpa etmişdir. Artıq ölkəmizin ərazisində separatçılar və terrorçular yoxdur və onlar könüllü şəkildə Azərbaycanı tərk ediblər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 sentyabr 2025, 18:51
Top