Qohum evlilikləri ilə bağlı yayılan xəbərlərə Dövlət Komitəsindən REAKSİYA

GÜNDƏM 25 sentyabr 2025, 16:52
Sosial şəbəkələrdə yayılan iddialara görə, qohum evliliklərinə qadağa tətbiq edildikdən sonra bəzi valideynlər övladını qohumla evləndirə bilmək üçün onu formal olaraq övladlıqdan çıxarır. Bu kimi addımların atıldığının nə dərəcədə real olması məlum olmasa da, bu ehtimal müzakirələrə səbəb olub.

Qadağaya baxmayaraq həqiqətən də övladını qohumla evləndirə bilmək üçün belə addım atanlar varmı? Belə halda, qohum şəxslər arasında rəsmi nikah bağlana bilərmi?

Demokrat.az məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanlayıb. Qurumun Hüquqi təminat şöbəsinin aparıcı məsləhətçisi Xəyalə Abbaslı-Əsgərli bildirib ki, əgər hansısa valideyn belə bir addım atsa belə, o şəxslər arasında rəsmi nikah bağlanması mümkün olmayacaq:

“Övladlıqdan çıxarılma’ və ‘uşağın övladlığa götürülməsi’ fərqli məsələlərdir. Qanunvericiliyimizin tələblərinə əsasən valideynlər tərəfindən övladlarının formal olaraq övladlıqdan çıxarılması halı nəzərdə tutulmayıb. Bununla belə, uşaqların 18 yaşına çatana qədər övladlığa götürülməsi halı mümkündür. Uşağın övladlığa götürülməsi haqqında məhkəmə qətnaməsinə əsasən Ədliyyə Nazirliyinin yerli qeydiyyat şöbələri tərəfindən ‘övladlığa götürülmə barədə vətəndaşlıq vəziyyəti akt qeydi’ tərtib edilir. Həmin akt qeydi vahid elektron bazaya daxil olunur və baza ümumi Azərbaycan üzrə formalaşdırılır. Nəticədə həm övladlıq baş tutana qədər, həm də sonra uşağın məlumatları müvafiq reyestrdə görünür. Bu da imkan verir ki, nikaha daxil olmaq üçün müraciət edən şəxslərin bioloji qohumluğu barədə nikaha daxil olmaq barədə ərizə qəbul edən qeydiyyat şöbəsinin əməkdaşı elektron informasiya sistemindən məlumat əldə etsin.

Nəticə etibarilə, hətta belə bir hal mövcud olsa belə, uşağın övladlığa götürülənə qədər bioloji qohumları barədə informasiya sistemində olan məlumat bu kimi halların baş verməsinin qarşısını alacaq. Çünki nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqələrinin mövcudluğu müvafiq orqanın vəzifəli şəxsi tərəfindən ərizə qeydiyyata alınmamışdan öncə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılır”.

Qurumun məlumatına görə, qanunun qəbul olunduğu vaxtdan hazırkı dönəmə qədər belə bir hala rast gəlinməyib:

“Odur ki, vətəndaşlarımızı sosial şəbəkələrdə yayılan əsası olmayan məlumatlara inanmamağa səsləyirik. Unutmaq olmaz ki, qanun normayaratma prosesinin nəticəsi olaraq meydana gəlir və bu bir günün işi deyil, qısa zaman kəsiyində baş vermir”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 sentyabr 2025, 18:51
Top