13 illik evlilik zorakılıqla nəticələndi: “Telefonuma baxdı, döydüm”

KRİMİNAL 09 sentyabr 2025, 13:55
Bakının Xətai rayonunda 45 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Murad  evin yataq otağında arvadı İlhamə ilə qısqanclıq zəminində mübahisə edib. 

Aralarında yaranmış mübahisə zamanı qəsdən yumruq və təpik zərbələri ilə qadının baş, bədəninin müxtəlif nahiyələrindən vurub. 

Hadisəni törədən Muradın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, İlhamə ilə 2012-ci ildə ailə həyatı qurub: “Son 4-5 aydır ki, qısqanclığa görə mütəmadi olaraq aramızda mübahisələr olur. Hadisə günü saat 00:10-da evə gəldim. Mən "Kia Rio" markalı avtomobillə gecə saatlarınadək taksi fəaliyyəti ilə məşğul oluram. Evə gəldikdən sonra İlhamə mobil telefonuma baxmağa başladı. Mən də telefona baxmamasını bildirdim. Buna görə aramızda mübahisə yarandı. İlhamə məni əsəbləşdirdiyi üçün təxminən saat 1 radələrində birgə yaşadığımız evin yataq otağında qısqanclıq zəminində aramızda yaranmış mübahisə zamanıonu yumruq və təpiklə bir neçə dəfə baş, və bədəninin müxtəlif nahiyələrinə vurmaqla döydüm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə vaxtı yanlarında heç kəs olmayıb: “Mənim İlhaməni döyməyim 3-4 dəqiqə ərzində baş verdi. Mübahisə zamanı arvadım məni vurmayıb. Daha sonra İlhamə də sakitləşdiyi üçün yatdım. Səhər də duraraq işə getdim. Zərərçəkmiş şəxsə qarşı etdiyim hərəkətlərimdən peşmanam”.

İş üzrə zərərçəkmiş İlhamənin sözlərinə görə, Muradla 13 ildir evlidir, ancaq övladları yoxdur: “Murad son vaxtlar tüfeyli həyat tərzi yaşadığı üçün evə vaxtında gedib-gəlmir. Onun başqa qadınla münasibəti olmasından şübhələnmişəm. Özünə də bir neçə dəfə bu barədə bildirmişəm. Ancaq heç bir nəticəsi olmayıb. Hadisə günü, gecə saat 00:10-da Murad evə gəldi. Həmin vaxt mobil telefonuna baxdım və başqa qadınla yazışmasını gördüm. Buna görə aramızda mübahisə yarandı Yataq otağında qısqanclıq zəminində aramızda yaranmış mübahisə zamanı ərim yumruq və təpiklə baş, bədənimin müxtəlif nahiyələrinə vurmaqla məni döydü”. 

Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmşlə barışıb, qadın ərinə qarşı olan şikayətini geri götürüb. 

Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2025, 17:52
Top