Bu Agentliyin Döyüş Bayrağı haqqında Əsasnaməsi təsdiqləndi

DAXİLİ SİYASƏT 08 sentyabr 2025, 15:37
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqlənib.

Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Agentliyin hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, Əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi üzrə həvalə olunmuş xidməti-döyüş tapşırıqlarını yerinə yetirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq borcunu xatırlatmaq üçündür.

Agentliyin Döyüş Bayrağı onun inzibati binasında (Agentlik rəisinin xidməti otağında) Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birlikdə "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq daimi yerləşdirilir, döyüş əməliyyatları zamanı isə döyüş meydanında olmalıdır.

Agentliyin adının dəyişdirilməsindən asılı olmayaraq, Döyüş Bayrağı Agentlikdə həmişəlik qalır. Agentliyin adının dəyişdirilməsi Döyüş Bayrağı ilə birlikdə verilən təqdimatda qeyd olunur.

Döyüş Bayrağı Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birlikdə rəsmi tədbirlərdə, "Zəfər Günü"ndə, matəm günləri və matəm mərasimlərində "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qaldırılır (asılır) və endirilir.

Agentliyin bütün şəxsi heyəti Döyüş Bayrağını qorumalı, onun kənar şəxslər tərəfindən ələ keçirilməsinə yol verməməlidir.

Döyüş Bayrağının qorunmasına Agentliyin rəisi və digər məsul şəxsləri cavabdehdirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2025, 18:56
Top