“Kyiv Post”: Ermənistan, Azərbaycan və ABŞ hansı sənədləri imzalayacaqlar?

GÜNDƏM 07 avqust 2025, 21:24
Avqustun 8-də Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə bir neçə mühüm sənəd imzalayacaqlar.

Bunu “Kyiv Post” hökumət mənbələrinə istinadən xəbər verib.

Mənbələrə görə, tərəflər ilk növbədə birgə bəyannamə imzalayacaqlar. Bu sənəd sülhə aparan konkret yolu və münasibətlərin mümkün qədər tam şəkildə normallaşmasını rəsmi şəkildə təsdiqləyəcək.

Bundan başqa, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri bir neçə ay ərzində danışıqlar aparılan ikitərəfli sülh sazişinin mətnini ilkin olaraq paraflayacaqlar.

Onlar həmçinin ATƏT-in Minsk Qrupundan çıxışla bağlı birgə məktub imzalayacaqlar. Hər iki ölkə rəsmi şəkildə vasitəçilik platforması sayılan, lakin effektsiz adlandırılan Minsk Qrupunu tərk edəcək.

ABŞ Ermənistan və Azərbaycanla ayrıca qarşılıqlı anlaşma memorandumları imzalayacaq, bu sənədlər əvvəllər mümkün olmayan imkanlar açacaq. Bu razılaşmalar uzunmüddətlidir və 50 ildən artıq müddətdə qüvvədə olacaq.

Rəsmilər “İbrahim Razılaşmaları 2.0”dan bəhs ediblər, bu, 2020-ci ildə Yaxın Şərqdə münasibətlərin normallaşdırılması məqsədilə əldə olunmuş razılaşmanın davamı olacaq və təşəbbüsə Azərbaycan rəhbərlik edəcək. Onların sözlərinə görə, yeni sülh təşəbbüsü İsraillə möhkəm əlaqələri olan və regional sabitliyə sadiq ölkələr üçün daha geniş sülh çərçivəsi modelinə çevrilə bilər.

Zirvə görüşü böyük irəliləyiş sayılsa da, əsas maneə qalır: Azərbaycanın Ermənistan Konstitusiyasında dəyişikliklər edilməsinə dair tələbi.

ABŞ rəsmiləri bu məsələlərin “əhəmiyyətli detallar” olduğunu etiraf etsələr də, administrasiyanın strategiyasının tərəfləri əvvəlcə sülh yoluna yönəltmək olduğunu bildiriblər ki, bu da sonradan bu mübahisəli məsələlərin həllinə daha əlverişli mühit yaradacaq.

Zirvə görüşünün vaxtının Rusiya-Ukrayna münasibətləri ilə bağlı vacib tarixlə üst-üstə düşməsinə dair suala cavab olaraq ABŞ rəsmiləri bildirib ki, avqustun 8-i qəsdən həmin günə planlaşdırılmayıb.(ordu.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 avqust 2025, 22:46
Top