Banklar keşbek faizini azaldır: Uduzan vətəndaş olacaq?

GÜNDƏM 07 avqust 2025, 22:02
"Keşbek faizlərinin azalmasının bir sıra səbəbləri var. Birinci səbəb ondan ibarətdir ki, artıq nağdsız ödənişlərlə bağlı vətəndaşlar arasında təbliğat aparmaq, təşviqat üçün əlavə həvəsləndirici metodlardan istifadə etməyə ehtiyac qalmayıb. Çünki artıq bu proses adiləşib və vətəndaşlar nağdsız əməliyyatlardan kütləvi şəkildə istifadə edirlər. Proses normallaşdığına görə banklar vətəndaşları nağdsız alış-verişə və maliyyə əməliyyatlarına cəlb etməkdə o qədər də maraqlı görünmürlər. Bazar artıq sabitləşib".

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib. 

O bildirib ki, əvvəllər "Visa" və "MasterCard" üzrə banklar arasındakı əməliyyatlardan komissiya ödənilirdi və bu komissiya səviyyələri yüksək idi:

"Lakin son dövrlərdə "Visa" və "MasterCard" ın ödədiyi komissiyaların da həcmi azalıb. Bu istiqamətdə də bankların gəlirləri azalıb, ona görə də keşbək faizləri aşağı düşüb.

Bundan əlavə, Mərkəzi Bankın bankların marketinq əməliyyatlarına, gəlir və xərclərinə nəzarət mexanizmlərini gücləndirməsi də keşbək faizlərinin aşağı salınmasına səbəb olub. Bazarın bölüşdürülməsi də digər səbəblərdəndir. Artıq bankların sabit müştəri bazası formalaşıb və vətəndaşlar bank kartlarını dəyişməkdə maraqlı deyillər".

Ekspert deyib ki, bu səbəbdən, banklar da digər bankların müştərilərini cəlb etmək üçün əvvəlki kimi həvəsləndirici tədbirlərə, yəni keşbek və bonuslar kimi alətlərə vəsait ayırmırlar:

"Ona görə də keşbek səviyyələri aşağı düşüb və böyük ehtimalla bu azalma davam edəcək.

Tam bazar oturuşduqdan və müştəri bazası tam sabitləşdikdən sonra, rəqabətsizlik şəraitində bütün bankların təklifləri - istər əmanət, istər kredit, istərsə də keşbek üzrə eyni səviyyədə olacaq. Bu da müştərilərin seçim imkanlarını məhdudlaşdıracaq və keşbək hesabına müştəri cəlb etmək faktiki olaraq mümkün olmayacaq. Beləliklə, keşbək faizlərinin daha da aşağı düşəcəyi gözlənilir".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 avqust 2025, 22:46
Top