"Kişilik bahalı kostyum geyinmək deyil"

ŞOU-BİZNES 07 avqust 2025, 21:03

"Bu günlərdə üç böyük kişini yola saldıq… Atamı, ardınca böyük yazıçı Elçin Əfəndiyevi və muğam sənətimizin dirəyi Arif Babayevi… Üç fərqli yol, üç fərqli həyat, üç müxtəlif peşə… Amma bir ortaq cəhət vardı: kişilik".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial media hesabında yazıb. O, mərhum Xalq artisti Arif Babayev, Xalq yazışısı Elçin Əfəndiyev və atası Hidayət Baxşəliyevlə bağlı paylaşım edib. 

"Atam mənə insan olmağı, vicdanlı, ədalətli və dürüst olmağı öyrədən ilk adam idi. Onun gedişi mənim üçün dağ boyda bir itki oldu. Elə bil köhnə kişiliyin bir səhifəsi bağlandı. Elçin təkcə yazıçı deyildi. O, bir dövrün aynası idi. Sözün, fikrin, sənətin təmizliyini qoruyurdu. Yazdıqları bizi güldürmürdü, düşündürürdü. Bəzən danışmırdı, amma baxışları danışırdı. Muğam Arif Babayevin səsində nəfəs alırdı. Böyük bir səs, böyük bir insan idi. O səsin altında zəhmət vardı, əziyyət vardı, kişi duruşu vardı. Nə sənətini, nə özünü bayağılaşdırdı. Kişi səsi ilə oxudu, kişi ürəyi ilə yaşadı. Onlar ayrı-ayrı yolun yolçusu idilər. Amma eyni bir dəyərlə yaşayırdılar: kişiliklə. Bu itkilər təkcə üç nəfərin yoxluğu deyil. Bu, bir nəsil kişiliyin, bir dövr insanlığın, bir mədəniyyətin sükutla çəkilib getməsidir.

Ağladım bu itkilərə. Ağladım bu dünyadan bir-bir köçən köhnə kişilərə. O köhnə kişilərə ki: Əlini uzadanda içində niyyət vardı. Söz verəndə canını ortaya qoyurdu. Haqqı tapdamamaq üçün bəzən öz haqqından keçirdi. Çünki kişilik bahalı kostyum geyinmək deyil. Kişilik saxta gülüş, duruş deyil. Kişilik sözünün, əqidənin və vicdanının arxasında durmaqdır. Köhnə kişilər, məkanınız cənnət olsun. Ruhlarınız qarşısında baş əyirəm".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 avqust 2025, 22:46
Top