"Azərbaycan yaxın və Orta Şərqdə aparıcı oyunçulardan birinə çevrilir" — AÇIQLAMA

GÜNDƏM 05 avqust 2025, 17:39
"Azərbaycan qazının Suriyaya göndərilməsi olduqca böyük strateji məqsədə malik ola biləcək məsələdir. İlk növbədə onun əlamətidir ki, Azərbaycan öz enerji siyasətini şaxələndirir və Suriya, Azərbaycandan qaz idxal edən 14-cü ölkə statusundadır.Bu proses yalnız qaz satışı deyil, eyni zamanda burada strateji məsələlər də var. Azərbaycanla Suriya hökuməti arasında imzalanmış anlaşmaya görə, Azərbaycan Suriyanın enerji sektorunun qurulmasında və yeni qaz sahələrinin işlədilməsində iştirak edəcək".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

"Bundan başqa, Azərbaycan həm də yaxın və orta Şərqdə öz rolunu artırmış olacaq. Azərbaycanın həm İsrail, həm də Suriya ilə münasibətlərinin yüksək səviyyədə olması, ona imkan verir ki, tərəflər arasında vasitəçilik də etsin.

Nəzərə alsaq ki, Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın İsrail ilə anlaşması var və İsrail ərazisində, Aralıq dənizində qaz hasilatı ilə bağlı konsorsiumda SOCAR-ın payı var, burada da iştirak edir. Eyni zamanda Suriyanın enerji infrastrukturunun qurulmasında Azərbaycanın iştirakı göz önünə alınarsa, Azərbaycan yaxın və orta Şərqdə aparıcı oyunçulardan birinə çevrilir".

O bildirib ki, Suriyanın yeni hakimiyyəti ilə Azərbaycan arasında yaranan münasibətlər və bu münasibətlərin sürətlə inkişaf etməsi tərəflərin maraqlarına uyğundur:

"Azərbaycan, özünün enerji siyasətini və satış şəbəkəsini şaxələndirməklə yanaşı, Suriyanın timsalında vacib bir tərəfdaş da əldə etmiş olur.

Bu, Azərbaycanın gələcəkdə Suriya ərazisində həm yenidənqurma işlərində rolunun artmasını, həm də bölgədə nüfuzunun genişlənməsini təmin edəcək. Bu, yalnız iqtisadi məsələ deyil, həm də siyasi və geosiyasi əhəmiyyətə malik məsələdir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top