Vəhdət Partiyasının təşkilatçılığı ilə Azərbaycan dili və əlifbasına həsr olunmuş elmi-praktik konfrans keçirilib — FOTOLAR

SİYASƏT 04 avqust 2025, 16:32

Bakıda 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Azərbaycan dili və əlifbası: tarix, kimlik və müasir çağırışlar” mövzusunda elmi-praktik konfrans təşkil edilib. Vəhdət Partiyasının təşkilatçılığı ilə baş tutan konfransın məqsədi Azərbaycan dilinin və əlifbasının tarixi köklərinin, milli kimliklə əlaqəsinin və müasir dövrdə qarşılaşdığı çağırışların elmi müstəvidə araşdırılması və bu sahədə cəmiyyətin məlumatlandırılması olub.

Konfransda ictimai-siyasi xadimlər, tanınmış alimlər, yazıçılar və jurnalistlər, aktyor və qiraətçilər, QHT təmsilçiləri, o cümlədən hüquq müdafiəçiləri, həmçinin təhsil işçiləri, partiya üzvləri və tələbə-gənclər iştirak ediblər.

Konfransda Vəhdət Partiyasının sədri, siyasi elmlər doktoru Adəm İsmayıl Bakuvi hər kəsi Azərbaycan dilini sevməyə, onu yaşatmağa və gələcək nəsillərə gözəl şəkildə ötürməyə çağırıb: “Biz övladlarımızın Azərbaycan dilini səlis öyrənməsi üçün əlimizdən gələni etməliyik və buna borcluyuq. Dövlətimizin bu istiqamətdə atdığı addımlara biz də dəstək olmalıyıq. Hər zaman dövlətimizin yanında olan və cənab prezidentin siyasətini dəstələyən biz vəhdətçilər bu işdə də öncüllərdən olmaqda israrlıyıq”.

Konfransda Azərbaycan dilinin zənginliyindən danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli onun qorunmasının təkcə vətəndaşlıq borcu deyil, həm də strateji milli vəzifə olduğunu bildirib. Dilçi alim Ulu Öndər Heydər Əliyevə istinadla deyib ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.

Sabiq millət vəkili və Vəhdət Partiyasının qurucularından olan Tahir Kərimli müasir dövrdə Azərbaycan dili ilə bağlı yaranmış müəyyən problematik məsələlərə toxunub. Vəzifə və mövqeyindən asılı olmayaraq hamının Azərbaycan dilinə - dövlət dilinə məsuliyyətlə yanaşmalı olduğunu deyən T.Kərimli bəzi məsələlərin həllinə daha operativ yanaşılmasını, bəzən isə dövlət tərəfindən imperativ tədbirlərin görülməsini təklif edib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi tənqidçi Əsəd Cahangir çıxışında şair və yazıçıların dilin inkişafındakı rolundan danışıb.

İctimai xadim və jurnalist Varis Yolçuyev isə çıxışında Azərbaycan dilinin müxtəlif dövrlərdə təzyiqlərə baxmayaraq, xalqın yaddaşında yaşadığını və bu günədək qorunub saxlandığını qeyd edib. Onun fikrincə, dilin yaşaması üçün hamı ən azından evdə ana dilində danışmalıdır.

Aparılan monitorinqlərin nəticələrinə əsasən, orta məktəblərdə, xüsusən, rus dili sektorunda Azərbaycan dilinin tədrisində müəyyən çatışmazlıqların olduğunu təəssüflə qeyd edən hüquq müdafiəçisi Novella Cəfəroğlu bu sahəyə xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb.

Xəlil Rza Ulutürk irsinin davamçılarından olan tanınmış aktyor və bədii qiraətçi Kamran Yunus nitqində Azərbaycan dilinin incəsənətdə və teatrdakı əhəmiyyətinə toxunub. Qiraət ustasının konfransda səsləndirdiyi şeir numunələri isə böyük maraqla qarşılanıb.

Tədbirdə çıxış edən digər natiqlər də dilin yalnız ifadə vasitəsi deyil, eyni zamanda sosial məsuliyyət yüklü olduğunu, bu səbəbdən bütün dünya azərbaycanlılarının, xüsusən, Azərbaycan vətəndaşlarının, onu sevməklə yanaşı, bütün sahələrdə tətbiq etməli olduğunu bildirib, eləcə də dillə bağlı bəzi problemlərin həlli ilə əlaqədar müxtəlif təkliflər irəli sürüblər.

Konfransda sual-cavab sessiyası da təşkil olunub, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.











SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top