Politoloq: Sülhün dayanıqlı olması üçün təkcə imza deyil, həm də...

GÜNDƏM 04 avqust 2025, 18:50
“Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşə hazırlaşması regionda yeni mərhələyə keçidin siqnalı kimi təqdim edilir. Ancaq "sülh bu qədər yaxındır" ifadəsi hələlik daha çox diplomatik optimizmdən qaynaqlanır, nəinki reallıqdan. Məsələ ondadır ki, sülh yalnız sənəd imzalamaqla deyil, həmin sənədin həyata keçirilməsi ilə ölçülür. Ermənistan daxilində hələ də revanşist təbəqələr mövcuddur və bu, Paşinyanın qərarlarını hər zaman təhlükə altına ata bilər”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

 O bildirib ki, Vaşinqton platforması isə burada yalnız vasitəçidir, nəticəni tərəflərin siyasi iradəsi müəyyən edəcək:

“ABŞ-ın Cənubi Qafqazdakı maraqları və bu maraqlar fonunda Rusiyanın zəifləyən təsiri, yeni bir tarazlıq yaratmaq niyyətindən xəbər verir. İlham Əliyev artıq postmünaqişə dövründə regional reallığı müəyyən edən əsas aktor olduğunu sübuta yetirib. Bu səbəbdən Azərbaycanın sülhə yanaşması yalnız emosional deyil, strateji əsaslara söykənir. Lakin Ermənistanın Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası və qarşılıqlı tanıma məsələlərində konkret addım atması vacibdir. Paşinyan hökuməti daxili təzyiqlərdən sıyrılıb real qərarlar qəbul etməlidir”. 

Politoloq deyib ki, sülh imzası yaxın görünə bilər, lakin bunun davamlılığı çoxsaylı geosiyasi və daxili faktorlardan asılıdır:

“Moskvanın prosesdən kənar qalması Rusiyanın bölgəyə təsir gücünün azaldığını göstərir, lakin bu, həm də təxribat ehtimalını artırır. Vaşinqtonun təşəbbüsü Azərbaycan üçün diplomatik manevr imkanlarını genişləndirir, lakin ehtiyatlı optimizm hələ də əsas yanaşma olmalıdır. Əgər bu sənəd imzalansa belə, onun gerçək uğuru gələcək davranışlarda yoxlanacaq. Qısası, sülh yaxın ola bilər, amma dayanıqlı olması üçün təkcə imza deyil, iradə, məsuliyyət və güvən də lazımdır”.

Leyla Turan
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 avqust 2025, 22:42
04 avqust 2025, 22:27
Top