"Bu Azərbaycanın qlobal imicinə müsbət təsir göstərir" — ŞƏRH

GÜNDƏM 25 iyul 2025, 19:34
“Azərbaycan Baş naziri Əli Əsədovla Somali xarici işlər nazirinin görüşü təsadüfi və ya simvolik diplomatik jest deyil. Bu, Azərbaycanın çoxqütblü beynəlxalq münasibətlər sistemində manevr imkanlarını genişləndirmək cəhdinin növbəti ifadəsidir”.

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, Afrika, xüsusilə də Somali kimi geostrateji əhəmiyyətə malik, Qırmızı dəniz və Hind okeanı keçid yollarına yaxın olan ölkələrlə münasibətlər Azərbaycanın Cənubi Qafqaz regionundan kənara çıxmaq və qlobal güc mərkəzləri ilə daha çevik siyasət yürütmək istəyini göstərir:

“Bu, Azərbaycanın yalnız Avropa və Asiya ilə deyil, həm də Afrika ilə çoxşaxəli əlaqələr qurmaq niyyətindən xəbər verir. Beynəlxalq təşkilatlarda, xüsusən də BMT və Qoşulmama Hərəkatında Azərbaycanın mövqeyinin gücləndirilməsi üçün bir səslə daha çox ölkənin arxasında dayanması həyati önəmlidir. Somali kimi dövlətlərlə qurulan dostluq münasibətləri, səsvermələr zamanı Azərbaycanın lehinə çıxışların sayını artıra bilər. Azərbaycan bu cür əlaqələrlə özünü yalnız enerji ölkəsi kimi deyil, həm də humanitar, dini-mədəni həmrəylik və inkişaf tərəfdaşı kimi təqdim edir. Bu isə Azərbaycanın qlobal imicinə müsbət təsir göstərir. Somali ilə əlaqələr bu yöndə yumşaq güc alətlərinin işə salınması üçün platforma yaradır”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top