Politoloq: Azərbaycan regionun təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə hazır olduğunu bəyan edib

GÜNDƏM 16 iyul 2025, 15:13
Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası ilə bağlı məsələlərin xüsüsu olaraq müzakirə edildiyi açıqlandı. 

Bununla bağlı politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlama verib.

O deyib ki, Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüş konstruktiv və inamverici atmosferdə baş tutdu:

“Görüş zamanı əldə olunan razılaşmalar və səsləndirilən mövqelər Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaradacağına dair nikbinlik formalaşdırır. Zəngəzur dəhlizi ilə bağlı Ermənistan Rusiyanın bu layihədə iştirakını istəmir. Bu da onu göstərir ki, artıq regional təhlükəsizlik məsələlərinin yerli Cənubi Qafqaz dövlətlərinin öz nəzarətində həll edilməsi prioritetə çevrilir. Dəhlizin təhlükəsizliyinin təminatı məsələsində Ermənistan tərəfi ABŞ-ın dəstəyi və ya ABŞ-ın təyin etdiyi özəl şirkətin iştirakı ilə bağlı fikir irəli sürsə də, bu yanaşmanın reallaşması çətindir. Azərbaycan isə regionun təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə hazır olduğunu bəyan edib. Hazırda bu təklif müzakirə mərhələsindədir”. 

Politoloq əlavə edib ki, sərhədlərin delimitasiyası məsələsində də irəliləyişlər var:

“12 km-lik şimal istiqamətində sərhəd yolu artıq razılaşdırılıb və çəkilib. Aydın şəkildə görünür ki, bu məsələ üzrə ikitərəfli komissiyalar ciddi fəaliyyət göstərir və Ağbənd istiqamətinə qədər sərhəd direklərinin qurulması qarşıya məqsəd kimi qoyulub. Görüşün ümumi nəticəsi onu göstərir ki, sülhə doğru addımlar artıq praktik səviyyəyə keçib. Ermənistan Konstitusiyasına dəyişikliklər və Azərbaycanın irəli sürdüyü əsas tələblərin yerinə yetirilməsi isə bu prosesin davamlı və dayanıqlı olmasının əsas şərtidir. Bu baxımdan, Əbu-Dabi görüşü Cənubi Qafqazda vasitəçilərsiz sülh modelinin inkişafına yeni ümidlər doğurur”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top