"Limit ləğv edilsə, qiymətlər yüksək səviyyədə müəyyən olunacaq" — Ekspertdən AÇIQLAMA

GÜNDƏM 04 sentyabr 2025, 19:24
"Tariflər vətəndaşların cibinə uyğun deyilsə, onların yenidən nəzərdən keçirilməsi və aşağı salınması daha doğru olar. Amma limitlərin tamamilə ləğvi düzgün addım sayılmır. Çünki limitlər əslində kasıb və qənaətə meyilli insanların maraqlarını qorumaq üçün nəzərdə tutulub". 

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

O, bildirib ki, daha az enerji istifadə edənlər limit çərçivəsində daha aşağı qiymətlə ödəyirlər ki, bu da onları qənaətə təşviq edir və əlavə yükün qarşısını alır:

"Limitin olması əslində sosial ədaləti təmin edir. Əksinə, limitlər ləğv olunsa, bu, varlı insanların xərclərinin müəyyən hissəsinin kasıbların üzərinə düşməsinə səbəb olar. Belə ki, limitin ləğvi vahid, daha yüksək tarifin tətbiqinə gətirib çıxaracaq. Bu isə xüsusilə az enerji istifadə edən insanların ziyanına olacaq. Məsələn, sadəcə bir otaqlı evində yaşayan, elektrikdən qənaətlə istifadə edən, hər şeyi söndürərək işlədən vətəndaş daha çox xərclə üzləşəcək".

Ekspert bildirib ki, insanlar düşünür ki, limitin ləğvi qiymətlərin aşağı salınması deməkdir, bu da səhv düşüncədir: 

"Bu doğru deyil. Əksinə, limit ləğv edilsə, qiymət vahid və daha yüksək səviyyədə müəyyən olunacaq.Əgər həqiqətən kasıb təbəqə nəzərə alınacaqsa, daha doğru yol mövcud limitlərin ləğvi deyil, onların artırılmasıdır. Məsələn, hazırda 1200 kVt-saat olan aşağı limit 1500 və ya 1800-ə qaldırıla bilər. Bu halda sosial cəhətdən həssas təbəqə daha çox fayda görər".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 sentyabr 2025, 20:51
04 sentyabr 2025, 19:41
04 sentyabr 2025, 18:44
Top