"Bu qadınlara psixoloji dəstək lazımdır" — AÇIQLAMA

GÜNDƏM 12 iyun 2025, 19:07
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Milli mədəniyyətimizi, kimliyimizi və dəyərlərimizi keçmişdən gələcəyə daşıyan körpü-Ailə” mövzusunda keçirilən “Gənc Ailə Forumu”nda deyib  ki, gənc ailələr üçün iqtisadi və psixoloji dəstək layihələri icra olunur.  Gender əsaslı zorakılığın, erkən nikahın qarşısının alınması istiqamətində müdafiə sistemimiz təkmilləşdirilib.

Bununla bağlı sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlama verib.

O bildirib ki,  iqtisadi dəstək layihələri çox vacibdir:

“Xüsusilə də bölgələrdə yaşayan və işsizlik problemi ilə üzləşən qadınlarımız üçün. Çünki bölgələrdə iş imkanları yüksək səviyyədə deyil və bir çox xanım qazanc məsələsində çətinlik çəkir. Kənd yerlərində yaşayan qadınlar müəyyən mənada əkin, bağçılıq və ya bostan vasitəsilə, öz zəhməti ilə məhsul əldə edib gəlir qazana bilir. Lakin rayon mərkəzlərində həyət yanı sahəsi olmayan, heç bir işlə məşğul ola bilməyən, gəliri olmayan qadınların sayı da az deyil. Belə qadınlara iqtisadi və maddi dəstəyin göstərilməsi çox yaxşı və vacib bir təşəbbüsdür. Psixoloji dəstək məsələsinə gəlincə isə, çox istərdim ki, rayonlarda bu istiqamətdə daha geniş işlər görülsün. Xüsusilə pandemiyadan sonra bölgələrdə də özünəqapanma halları müşahidə olunurdu. Bu, Bakıda necə baş verdisə, bölgələrdə də eyni ilə yaşandı. Evlilik ərəfəsində olan, universitet imtahanlarına hazırlaşan, hamiləlik dövrü və ya doğuşdan sonrakı dövründə olan qadınlar üçün bu müddətlər ən həssas dövrlər sayılır. Həmin dövrlərdə psixoloji dəstəyə ehtiyacı olan, amma maddi çətinliklər səbəbilə bu dəstəyi ala bilməyən çox sayda qadın və qızlarımız var”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top