Peşə təhsilini tədris edə biləcək kadrlar yetişdirilməlidir — AÇIQLAMA

GÜNDƏM 30 iyul 2025, 16:31
“Peşə təhsilinin inkişafı dövlətin əsas prioritetlərindəndir, həyata keçirilən təhsil siyasətinin çox vacib məqamlarından birini təşkil edir. Son illərdə ölkədə xeyli peşə təhsil mərkəzləri istifadəyə verilib. Təkcə paytaxtda deyil, bölgələrimizdə də müasir peşə mərkəzləri fəaliyyət göstərir. Peşə məktəblərinin infrastrukturu yenilənib, peşə təhsilinin inkişafı ilə bağlı proqramlar qəbul olunub”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, peşə təhsilinin stimullaşdırılması məqsədi ilə yüksək texniki peşə təhsili ixtisasına yiyələnmiş gənclərin ali təhsil müəssisələrinə subbakalavr kimi qəbul olunmasına imkan yaradılıb:



“Bu mənada mən son illərdə peşə təhsilinin inkişafına yönəlmiş işləri yüksək qiymətləndirirəm.Bir məsələyə toxunmaq istəyirəm ki, peşə təhsili müəssisələrini artırmaq istəyimiz ola bilər, amma o müəssisələrdə işləyəcək kadrlar çox önəmlidir. Bildiyim qədərilə, müvafiq qurumlar bu istiqamətdə də işlər görürlər. Regionlarda yeni peşə təhsili müəssisələri yaradıla bilər, amma bu, təkcə infrastrukturla bağlı deyil, peşə təhsilini tədris edə biləcək kadrların mövcudluğu ilə də əlaqədardır”.

İlqar Orucov həmçinin qeyd edib ki, əmək bazarında həqiqətən peşə təhsili almış kadrlara ehtiyac var, gənclər peşə təhsili alaraq daha çox gəlir əldə edə, əmək bazarında yer tuta bilərlər.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top