Yay aylarında bu içməli sular zəhərə çevrilir — AÇIQLAMA

GÜNDƏM 30 iyul 2025, 15:19
"Qablaşdırılmış içməli suların açıq hava şəraitində, xüsusilə də birbaşa günəş şüaları altında və yerdən məsafə gözlənilmədən saxlanılması bir neçə ciddi sağlamlıq riski yaradır. Bu risklər nələrdir?
Birincisi, plastik qablaşdırmanın zərərli maddələr buraxması. Ən önəmli risk plastik butulkaların tərkibindəki kimyəvi maddələrin (xüsusilə də BPA - bisfenol A) günəşin və istinin təsiri ilə suya keçməsidir. BPA (Bisfenol A) – hormonal sistemə təsir edə bilər (endokrin pozuntular), xüsusilə uşaq və hamilə qadınlarda təhlükəlidir. Həddindən artıq isti şəraitdə (məsələn, yay günəşində) polikarbonat və PET plastiklərdən müxtəlif toksik maddələr suya qarışa bilər. Bu maddələr uzunmüddətli istifadədə xərçəng, sonsuzluq, ürək xəstəlikləri kimi problemlərə yol aça bilər".


Bunu Demokrat.az-a açıqlamasında qida eksperti Fərid Səfərov deyib.

O, bildirib ki, digər risk mikrobioloji çirklənmə riskidir:

"Yerdən birbaşa torpaq və tozla təmas zamanı qabın üzərinə mikrob və bakteriyalar yapışa bilər. Qapaq ətrafı və qabın səthi çirkli olarsa, içmədən öncə bu hissələrin suya qarışma ehtimalı artır. Əl gigiyenası və qabın təmizliyi nəzərə alınmadıqda bu çirklər ağız yolu ilə orqanizmə daxil ola bilər.Temperatur rejiminin pozulması – keyfiyyətin düşməsi də bu risklərdən biridir. Sular müəyyən temperatur aralığında saxlanmalı və daşınmalıdır (adətən +2°C – +25°C). Yüksək temperaturda saxlanma suyun dadına, qoxusuna və şəffaflığına təsir edə bilər – bu da keyfiyyət itkisinə və istifadəyə yararsız hala gəlməsinə səbəb ola bilər.

Onun sözlərinə görə, etiket məlumatlarının pozulması da risklərdən biridir:

"Günəşin təsiri ilə bəzi qablaşdırmaların üzərindəki etiketlər solur, oxunmaz olur – bu da istifadəçinin məhsul haqqında (istehsal tarixi, son istifadə tarixi, mənşə ölkəsi və s.) məlumat əldə etməsini çətinləşdirir.
Bu səbəbdən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu sahədə keçirdiyi monitorinqlər istifadəçilərin sağlamlığını qorumaq baxımından çox vacibdir və istehlakçılar da su alarkən bu detalların fərqində olmalıdır".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top