Rauf Arifoğlu: "Jurnalistikaya qəbul zamanı qabiliyyət imtahanı qalmalıdır, əks halda..."

GÜNDƏM 10 may 2025, 18:40
"Əvvəla, jurnalistika sadəcə “sosial hadisələri müşahidə edən” bir sahə deyil. Bu peşə  yazmaq, düşünmək, ünsiyyət qurmaq və cəmiyyəti məlumatlandırmaq bacarığı tələb edir. Yəni jurnalist həm informasiyanı toplayıb dəqiqləşdirməli, həm onu dil qaydalarına uyğun və maraqlı şəkildə oxucuya təqdim etməlidir. Bu isə istedad, yaradıcı təfəkkür və yazı qabiliyyəti olmadan mümkün deyil".

Bu sözləri Demokrat.az-a açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib. 

"Qabiliyyət imtahanının məqsədi  jurnalistika sahəsinə gələcək tələbənin bu peşəyə uyğunluğunu əvvəlcədən müəyyənləşdirməkdir. Yazılı esse, imla və mətn üzrə təhlillər vasitəsilə gəncin təfəkkür qabiliyyəti, dil duyumu, fikrini aydın ifadə etmə bacarığı ölçülür. Bu, həm də onun gələcəkdə peşəkar jurnalist ola bilmə potensialını göstərir.

Təkcə test balına əsaslanan qəbul sistemi jurnalistikanın keyfiyyətinə mənfi təsir edə bilər. Çünki testdə yüksək nəticə göstərən, lakin sözlə işləməyi bacarmayan gənclər bu sahəyə daxil olduqda nə yazı yaza bilir, nə cəmiyyətlə ünsiyyət qurur, nə də medianın əsas missiyasını yerinə yetirə bilir. Belə olan halda nəinki media inkişaf edir, əksinə, cəmiyyət yanlış informasiya və keyfiyyətsiz təhlillərlə üz-üzə qalır".

O bildirib ki, beynəlxalq təcrübədə də yaradıcı sahələrə qəbul zamanı mütləq şəkildə qabiliyyət, esse və portfoliolar qiymətləndirilir:

"Dünyanın aparıcı jurnalistika məktəbləri – Kolumbiya, London City, Sciences Po kimi universitetlər bu modelə üstünlük verir. Onlar anlayırlar ki, jurnalistika yalnız elmi biliklərlə deyil, yaradıcı bacarıq və analitik düşüncə ilə qurulur.

Sonda isə qeyd etmək lazımdır ki, jurnalistika təkcə ixtisas deyil, bu, bir missiyadır. Cəmiyyətə xidmət edən, onu məlumatlandıran, həqiqəti araşdırıb yazan insan bu sahəyə təsadüfən gəlməməlidir. Qabiliyyət imtahanı bu təsadüfləri minimuma endirən və peşəyə uyğun kadrların seçilməsinə xidmət edən mühüm vasitədir.Məhz buna görə də jurnalistikaya qəbul zamanı qabiliyyət imtahanı qalmalıdır. Əks halda biz, sözə və söz adamına deyil, yalnız bala qiymət verən bir sistemin qurbanı olarıq".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top