
Məlum olduğu kimi Çeçenistanın rəhbəri Ramzan Kadırov bir müddət əvvəl tutduğu vəzifədən azad edilməsini istədiyini açıqlamışdı. Bundan sonra Kremldə Rusiya prezidenti tərəfindən qəbul edilən Ramzan Kadırov Putindən fəaliyyəti ilə bağlı tərif eşidib.
Politoloq Zeynal Əmrəliyev bildirir ki, hər nə qədər Rusiya prezidenti Kadırovu tərifləsə də, Moskva dəfələrlə müxtəlif vasitələrlə Çeçenistan liderindən razı olmadığını nümayiş etdirib:
"Kadırovun Rusiya elitasında təmsil olunan məmurlarla münasibətləri olduqca gərgindir. Rusiya–Ukrayna müharibəsində onun təşəbbüsü ələ almaq cəhdi bu münasibətlərin daha da gərginləşməsinə səbəb olub. Həm Moskvada, həm Qroznıda Kadırovun gedişinə hazırlıq görülür".
Politoloq qeyd edib ki, Çeçenistan rəhbərliyi üçün hazırda əsasən 3 namizədin adı çəkilir və bunların birincisi Kadırovun öz oğludur:
"Belə ki, çeçen liderin arzuladığı əsas məsələ – öz yerinə müvəqqəti olaraq baş nazir Maqomed Daudovun təyin edilməsi, daha sonra isə hakimiyyətin oğlu Adəm Kadırova təhvil verilməsidir.
Adəmin hazırda 18 yaşı var və o, 16 yaşından atasının mühafizə xidmətinə rəhbərlik edir. Eyni ssenari Ramzan Kadırovun özünün də hakimiyyətə gəlişi zamanı istifadə edilib. 2004-cü ildə atası Əhməd Kadırov öldürüldükdən sonra yerinə Çeçenistanın daxili işlər naziri Alu Alxanov gətirilmiş, daha sonra isə hakimiyyət gənc Ramzana təhvil verilmişdi. Adəmin yaşının çox az olması bu ehtimalı bir qədər azaldır.
Kadırovun ikinci alternativi isə yaxın adamı, “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinnovun Çeçenistan rəhbərliyinə təyin edilməsinə razılıq əldə etməkdir. General Alaudinnov öz dəstəsi ilə Ukraynanın ən qaynar nöqtələrində döyüşür və Kremlin ona qarşı münasibəti pis deyil. Ancaq nəzərə almaq lazımdır ki, Apti Alaudinnovun dövlət idarəçiliyində təcrübəsi yoxdur və Çeçenistan kimi çətin, həssas bir yerə ediləcək bu təyinat Moskvanı gələcəkdə çətinə sala bilər.
Kreml üçün Çeçenistan rəhbərliyi üçün düşündüyü ən ideal namizəd isə Rusiya prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevdir. 2018-ci ildə Kremlə gətirilərək Putinin xüsusi nümayəndəsi təyin edilən Edelgeriyev bundan əvvəl, 2012–2018-ci illərdə Çeçenistanın baş naziri vəzifəsində çalışıb, ölkənin iqtisadi-sosial həyatına yaxından bələddir. Baxmayaraq ki, o, Ramzan Kadırovun tabeliyində çalışıb, ikilinin münasibəti gərgindir. Buna səbəb isə Kadırovun ərəb ölkələri ilə yaxın münasibətlər qurmasına və Rusiyanın dövlət büdcəsindən Çeçenistan üçün əlavə pay tələb etməsinə Edelgeriyevin etiraz etməsi idi. Bundan sonra Kreml çeçen hökumət rəhbərini Qroznıdan Moskvaya gətirdi".
Zeynal Əmrəliyevin fikrincə, Ramzan Kadırovun özünün gələcək taleyi də ciddi müzakirə mövzusudur:
"Səhhəti haqqında ciddi şayiələr olan Çeçenistan rəhbərinin hakimiyyətdən getdikdən sonra sağlamlıq problemləri ilə məşğul olacağı gözlənilir. Bununla bərabər, Rusiya rəhbərliyi ona hüquq-mühafizə orqanlarında və ya Federasiya Şurasında simvolik bir vəzifə verərək nəzarətdə saxlaya da bilər". (Musavat.com)