7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə zərərçəkənlər ifadə verdi

KRİMİNAL 28 aprel 2025, 12:14
Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Demokrat.az  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə zərərçəkənlər ifadə veriblər.

Prosesdə ifadə verən Elvin Nəcəfov bildirib ki, mühafizə polisində çalışır və xidmət yeri Respublika Perinatal Mərkəzi olub:

"Hadisə zamanı mən növbədə idim. Qeydiyyat şöbəsində Gülbahar xanım dedi ki, 4-cü mərtəbədə yanğın var. Mən qalxdım. Gördüm ki, küvəz yanır. Yanğın şiddətli deyildi. Mən su ilə söndürməyə çalışdım. Alınmadı. Sonra mən odsöndürən balonlarla söndürməyə çalışdım. Mən ora qalxanda tibb personalı da orada idi. 6 nəfəri xilas etdim".

Zərərçəkən məhkəməyə təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirib.

Daha sonra zərərçəkən Vaqif Abdullayev ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxsləri tanımır:

"Mən yoldaşımı mərkəzə yerləşdirdikdən sonra rayona qayıtdım. Rayona çatanda yoldaşım zəng edib mərkəzin yandığını dedi. Daha sonra anama zəng edib. Anam taksi ilə mərkəzə gəlib və qayınanamla birlikdə uşağı küvəzdən çıxarıb. Mən rayondan birbaşa mərkəzə qayıtdım. Orada bildim ki, yoldaşım və övladım ayrı-ayrı xəstəxanadadırlar. Rəhbərlikdən şikayətçiyəm. Evin yeganə övladıyam. 8 ildir mən evliyəm. Müalicə, dava-dərman və nəhayət, sevindik ki, övladımız olacaq. Sonra da bu hadisə baş verdi".

Zərərçəkən Nəzrin Qurbanova ifadə verib:

"Hadisə zamanı övladımı itirmişəm. Mən hadisədən 3-4 gün öncə evə buraxıldım. Lakin övladımın səhhətində ağırlaşma olduğu üçün buraxmadılar. Onu ziyarətə gələndə otaqda görmədim. Elə bildim bölməni dəyişiblər. Sonradan övladımın otağı yanğın baş verən otağa dəyişdirildiyini öyrəndim. Təqsirləndirilən şəxslərin qanun çərçivəsində cəzalandırılmasını istəyirəm".

Zərərçəkən Aynurə Əhmədova ifadə verib:

"Mən xadimə işləyirəm. Təmizlik işləri görürdüm. Qışqırıq səsləri eşitdim ki, mərkəz yanır. Yuxarı qalxdım. Tibb bacıları və digır xadimə ilə vedrə-vedrə su daşıyırdıq ki, yanğını söndürək. Yanğın elektrik yuvasından başladı və biz ora su töküb söndürməyə çalışdıq.
 

Yanğın pərdə vasitəsilə yayıldı və sonra küvəzlərə keçdi. Sonra yanğın baş verən otaqdan uşaqları çıxarıb aşağı mərtəbəyə apardıq. 15 uşağı mən özüm ikinci mərtəbəyə aparıb təhvil vermişəm. Mərtəbədə bir odsöndürmə balonu olub. FHN yanğın təhlükəsizliyi ilə bağlı təlim keçsə də, şöbəmizin işi ağır olduğundan biz təlimə buraxılmamışıq".


Proses mayın 19-da davam etdiriləcək.

Qeyd edək ki, ötən il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
 

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. 


Eyni zamanda, istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində Respublika Perinatal Mərkəzi, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova və Gülbahar Zülfüqarova tanınıblar. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top