"Avant Group" MTK tərəfindən təbiətə 100 min manatdan çox ziyan vurulub

HADİSƏ 22 aprel 2025, 11:52
Bakı şəhəri Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb.

Demokrat.az xəbər verir ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində qanunsuz ağackəsmə faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Ağacların "Avant Group" MTK tərəfindən kəsildiyi və təbiətə 100 min manatdan çox ziyan vurulduğu nüəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli və külli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər və prokurorluq orqanlarına göndərilib.

Qeyd edək ki, Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod"un ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan "Avant Group" MTK tərəfindən kəsildiyi və təbiətə 117 060 manat məbləğində ziyan vurulduğu bildirilmişdi.

Faktla bağlı akt tərtib edildiyi, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materialların Baş Prokurorluğa göndəriləcəyi açıqlanmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 aprel 2025, 16:04
Top