"Küvezin ortadan yandığını gördüm, içəri keçmək mümkün olmadı" — Yeddi uşağın ölüm işi

KRİMİNAL 14 aprel 2025, 15:54
"Respublika Perinatal Mərkəzi" PHŞ-də baş vermiş yanğınla bağlı məsuliyyətə cəlb edilən direktor Mehriban Abasquliyeva, mərkəzin anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Gülbahar Zülfüqarova ifadə verib. O bildirib ki, mərkəzdə birinci mərtəbədə yerləşən qəbul şöbəsində işləyib və işi "Mamaça" olub: "Mənim vəzifəm xəstələri qəbul etmək olub. Mən birinci mərtəbədə olan şöbədə işləmişəm, hadisə baş verib 4-cü mərtəbədə. Mən həmin gün jurnalı götürdüm və yoxlamaya başladım. Bu zaman hadisənin baş verdiyini gördüm. Soruşdum ki, qurumlara məlumat veribsiz? Dedilər ki, 102-yə məlumat verilib. Mən özüm də 112-yə və Mehriban Abasquliyevaya zəng edərək xəbər verdim. Daha sonra hadisə yerinə qayıtdım. Bu zaman hər yer alışdı, hər yer qaranlıq oldu. Elçin müəllim də yanımda idi. Biz yanğını söndürməyə başladıq. Yuxarıda yeriyə bilməyən xəstələr var idi, həmçinin küveyzdə saxlanılan uşaqlar var idi. Onlar həkim nəzarətində idi. Mənim onları götürməyə və ya yerini dəyişməyə ixtiyarım yox idi. Küveyzin ortadan yandığını gördüm. Sonra jalüz yandı, içəri keçmək mümkün olmadı".

Gülbahar Zülfüqarova qeyd edib ki, dərhal Mehriban Abasquliyevaya özü də gəlib və birlikdə yanğının söndürülməsi ilə məşğul olublar: "Bizdə maska yox idi. Ağır şəraitdə yanğın olan yerdə işləmişik, heç yerə qaçmamışıq. Mən özü də zərərçəkmiş qismində tanınmasını istəmirəm, özüm zərərçəkmiş olmaq istəmirəm. Mənim özümün yanğın olan şöbə ilə əlaqəm olmayıb".

Daha sonra digər zərərçəkmiş Vaqif Hacıyev ifadə verib. O bildirib ki, mərkəzdə təcili yardım şöbəsində mühafizə olub və həmin hadisə günü növbədə olub: "Mən mərkəzin öz mühafizəçisiyəm. Amma mənimlə birlikdə növbədə olan Elçin isə Daxili İşlər Nazirliyindən təhkim olunmuş mühafizəçi idi. Həmin vaxt mən yeməkxanaya düşmüşdüm. Bir qədər sonra Gülşən zəng etdi və nəsə dedi, amma başa düşmədim. Yanğın söhbətini eşitmədim.  Təcili yardım şöbəsinə gələndə isə orada heç kəsin olmadığını gördüm, sonra eşitdim ki, dördüncü mərtəbədə yanğın olub. Mən də cəld yuxarı qalxdım. Göz -gözü görmürdü, hər yer qaranlıq tüstü idi. Biz çalışdıq ki, orada olan şəxslərə köməklik edək. Yanğın söndürənlər gələndən sonra küvezi aşağı düşürdük".

Daha sonra prosesdə məlum olub ki, bəzi zərərçəkmişlər məhkəməyə gəlmək istəmirlər. Bu səbəbdən məhkəmə onların məcburi gətirilməsi barədə qərar qəbul edilib.

Növbəti proses aprelin 28-də davam edəcək.

Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top