“AzerGold” “Frontier Works Organization” şirkəti ilə birgə əməkdaşlıq haqqında sənədlər imzalayıb

SƏNAYE VƏ ENERGETİKA 09 aprel 2025, 15:21
Bu gün “AzerGold” QSC və Pakistanın “Frontier Works Organization” şirkəti arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu və Məlumatların Gizli Saxlanılması (NDA – Non-disclosure agreement) sənədi imzalanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Pakistana səfəri, Pakistan Mineral İnvestisiya Forumu çərçivəsində paytaxt İslamabadda təşkil olunmuş mərasimdə sənədləri “AzerGold”un İdarə Heyətinin üzvü – sədrin müavini Xəyyam Fərzəliyev və “Frontier Works Organization”ın faydalı qazıntıların kəşfiyyatı və inkişaf əməliyyatları üzrə direktoru Muhammad Badr Malik imzalayıblar.

Dağ-mədən və geologiya sahələrində birgə əməkdaşlığın qurulması məqsədilə imzalanan sənədlərə əsasən, tərəflər arasında Azərbaycan, Pakistan, eləcə də digər ölkələrin ərazilərində faydalı qazıntı yataqları ilə bağlı mövcud geoloji məlumatların öyrənilməsi, birgə geoloji kəşfiyyat proqramları, mədən layihələrin icrası ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub. Həmçinin sənədlərdə məlumat və təcrübə mübadilələrinin aparılması, qarşılıqlı səfərlərin davam etdirilməsi ilə bağlı tərəflər öz niyyətlərini ifadə ediblər.

Xatırladaq ki, bu il fevralın 25-də “AzerGold”da Azərbaycan-Pakistan Biznes Forumu çərçivəsində ölkəmizdə səfərdə olan “Frontier Works Organization”ın Baş icraçı direktoru Abdul Saminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşün yekununda tərəflər arasında əməkdaşlığın konkret istiqamətlərinin müəyyən edilməsi üçün məsləhətləşmələr aparılması, məlumat mübadiləsinə dair NDA sənədinin, eləcə də əməkdaşlığa dair Anlaşma Memorandumunun hazırlanması və imzalanması barədə razılıq əldə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top