Azərbaycan və Latviya sərhəd təhlükəsizliyi ilə bağlı təcrübə mübadiləsi həyata keçirə bilərlər

XARİCİ SİYASƏT 09 aprel 2025, 12:15
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Latviyanın Dövlət Sərhəd Mühafizəsinin rəisi general Quntis Puyatsın rəhbərliyi altında nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

DSX-nin mətbuat mərkəzindən Demokrat.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Latviyanın Dövlət Sərhəd Mühafizəsinin nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən sərhəd təhlükəsizliyi sahəsində münasibətlərin uğurla inkişaf etməsi vurğulanıb, 2023-cü və 2024-cü illərdə Azərbaycanın və Latviyanın sərhəd mühafizə qurumları rəhbərlərinin qarşılıqlı səfərlərinin birgə əməkdaşlıq fəaliyyətlərinin uğurla inkişafına töhfə verməsi qeyd olunub.

Müzakirə zamanı Azərbaycan Respublikasının dövlət sərhədlərində, o cümlədən, işğaldan azad edilmiş ərazilərdə sərhəd təhlükəsizliyinin təmin edilməsi, müasir texniki vasitələrin və texnologiyaların tətbiqi ilə zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Tərəflər sərhəd təhlükəsizliyinə qarşı təhdidlər, o cümlədən qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsinə hazırlıq ifadə ediblər.

Səfər müddətində qonaqlar DSX-nin müvafiq struktur qurumları ilə tanış olublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top