Yevlaxda 54 yaşlı kişi həmkəndlisini öldürməklə hədələdi — TƏFƏRRÜAT

KRİMİNAL 17 aprel 2025, 20:53
Yevlax rayonunda 1971-ci il təvəllüdlü Elxan tanışı Fəxrəddinə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 1 oktyabr 2023-cü ildə baş verib. Elxan həmin gün saat təxminən 16 radələrində alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Yevlax rayonunun Xaldan kəndinin mərkəzində, Yevlax-Şəki avtomobil yolunun kənarında əvvəllər tanıdığı Fəxrəddinin dayandığını görüb. 

Elxan Fəxrəddinə yaxınlaşıb və 2017-ci ilin əvvəllərində aralarında olan şifahi razılaşmaya əsasən ona pul müqabilində satmış olduğu 1,8 hektar pay torpaq sahəsinin sənədlərini geri qaytarmasını tələb edib. Fəxrəddin həmin torpaq sahəsini pul ilə aldığı üçün ona məxsus olduğunu bildirib. 

Daha sonra Elxan hədənin icra ediləcəyi üçün real əsas olan üzərində gəzdirdiyi mətbəx bıçağını əlinə götürərək nümayiş etdirib və torpaq sahəsinin sənədlərini ona geri qaytarmayacağı halda onu həmin bıçaqla öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələyib. 

Hadisəni törədən Elxanın barəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2017-ci ildə övladının xəstəliyi ilə əlaqədar olaraq müalicə xərclərini ödəmək üçün ona 200  manat pul lazım olub və bu səbəbdən də həmkəndlisi Fəxrəddindən borca pul istəyib: “Fəxrəddin isə pul verəcəyi qarşılığında yaşadığı Xaldan kəndində atamdan miras qalan 1.89 hektar torpaq sahəsinin sənədlərini ona verməyimi, həmin torpağı icarə kimi əkib-becərəcəyini və bundan sonra mənə pul verəcəyini bildirdi. Çarəsiz qaldığım üçün Fəxrəddinə həmin torpağın sənədlərini verdim. Fəxrəddin ilə həmin sahəni 5 il müddətində əkib-becərəcəyi barədə şifahi şəkildə razılaşdıq. Fəxrəddin bunun qarşılığında mənə 500 manat pul verdi. Həmin pulla övladımı müalicə etdirdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin iyul ayında yaşadığı Xaldan kəndində Fəxrəddinin yanına gedib və ona “mənim torpağımın sənədlərini geri qaytar” deyib: “Fəxrəddin isə “mən sənə torpaq sənədlərini verməyəcəyəm” deyərək ona torpağımı satmağımı təklif etdi. Torpağı satmağa razılaşmadım. Sonrakı gün yaşadığım evdə spirtli içki qəbul etdikdən sonra yaşadığım Xaldan kəndində yerləşən mağazaya gedərək evdə mətbəxdə istifadə etmək üçün oradan 1 manat dəyərində bir ədəd mətbəx bıçağı alaraq evə gedən zaman küçədə Fəxrəddin ilə qarşılaşdım. Ondan torpağımın sənədlərini qaytarmasını istədim. Fəxrəddin isə yekun olaraq 5000 manat pul verəcəyini bildirdi və torpağı ona satmağımı təklif etsə də razılaşmadım.. Fəxrəddinlə torpaq sənədləri barədə danışan zaman mağazadan aldığım bıçaq sağ arxa cibində olum. Danışarkən həmin bıçağı cibimdən çıxarmadım. Fəxrəddinin üzərinə əlimdə bıçaqla getməmişəm və onu bıçaqla öldürməklə hədələməmişəm”.

İş üzrə zərərçəkmiş Fəxrəddin ifadəsində göstərib ki, təxminən 4-5 il bundan əvvəl həmkəndlisi Elxanla aralarında olan şifahi qarşılıqlı razılaşmaya əsasən Xaldan kəndində yerləşən torpaq sahəsini 6500 manat pul müqabilində alıb və həmin torpaq sahəsindən təxminən 4-5 il ərzində istifadə edib: “Torpaq sahəsini Elxandan alan zaman ona həmin torpağı öz adına keçirmək istədiyimi deyəndə Elxan həmin torpaqda vərəsə kimi digər qardaşının da pay haqqı olduğunu, torpağın sənədlərində qardaşının da adının olduğunu, qardaşının hal-hazırda Rusiya Federasiyasında olduğunu, qardaşından notarial qaydada etibarnamə alacağını, bundan sonra torpağı adıma sənədləşdirə biləcəyini bildirdi. Təxminən 5-6 ay bundan əvvəl Elxan əziyyət çəkərək pul xərclədiyim həmin torpaq sahəsini xəbərsiz şəkildə özü üçün istifadə etməyə başladı, orada suvarıb yetişdirdiyi otu biçib oradan çıxan 200 bağ otunu apardı. Bundan sonra Elxana dəfələrlə xəbərdarlıq etsəm də, bu hərəkətlərinə son verməyərək mənə  məhəl qoymadı”. 

Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat təxminən 16-17 radələrində yaşadığı Yevlax rayonu Xaldan kəndində yolun kənarında mağazalar olan yerdə dayanan zaman həmkəndlisi Elxan sərxoş vəziyyətdə oraya əlində bıçaqla gəlib və ona “səni öldürüb gedib 15 il yatacağam” deyərək üstünə bıçaqla hücum çəkib: “Həmin vaxt orada olan həmkəndlilərim Nurlan, Zamiq və Ələsgər yaxınlaşaraq Elxana mane oldu. Zamiq onu tutaraq saxladı. Buna görə də Elxan mənə bıçaqla xəsarət yetirə bilmədi”.

Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasının, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb. Bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top