"Ermənistan ilk növbədə Azərbaycana qarşı mina müharibəsinə son qoymalıdır" — Elman Nəsirov

GÜNDƏM 07 aprel 2025, 18:46
Son 2 gündə Cəbrayıl və Ağdamda 3 mina partlayışı baş verib. Nəticədə, 1 hərbçi, 1 ANAMA əməkdaşı və 3 mülki şəxs xəsarət alıb və ya həlak olub. 

Xarici İşlər Nazirliyinin son məlumatına görə, mina xəritələri ilə bağlı məlumatların cəmi 25 faizi həqiqəti əks etdirir. Yəni 75 faiz məlumat dəqiq və həqiqətə uyğun deyil.

Bununla bağlı Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a açıqlama verib. 

O qeyd edib ki, Ermənistanın siyasi hərbi rəhbəriyi Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirir:

“Və qeyd edir ki, həllini tapmayan iki maddə üzrə də artıq razılaşma var və istənilən halda sülh müqaviləsi imzalamağa hazırıq. Bu cür sülhdən danışan Ermənistan bir yandan da çox intensiv şəkildə silahlanır, hücum silahları əldə edir. Eyni zamanda bu günə qədər də Azərbaycana qarşı mina müharibəsinə son qoymayıb.  2020-ci ilin 10 noyabr sənədinin əsas tələblərindən biri o idi ki, sülhə gedən yolda qarşılaşan maneələr aradan qaldırılsın. Ermənistan o zamanları Azərbaycana mina xəritələri verdi və məlum oldu ki, onların 75-80 %-i yalandır, həqiqəti əks etdirmir”. 

Deputat diqqətə çatdırıb ki, son günlərdə Cəbrayıl və Ağdamda 3 mina partlayışı baş verib:

“Müharibə bitdikdən sonra indiyə qədər təxminən 400-ə yaxın insan mina terrorizminin qurbanına çevrilib. Ona görə də Ermənistan sülhdən danışarkən ilk növbədə Azərbaycana qarşı apardığı mina müharibəsinə son qoymalıdır. Ermənistanın Azərbaycana mina xəritələrini təqdim etməməsi ucbatından insanlar həlak olub. Ona görə də Ermənistan ilk növbədə Azərbaycana qarşı mina müharibəsi və siyasətinə son qoymalıdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 aprel 2025, 21:55
07 aprel 2025, 21:14
Top