Qusarda kafedə işləyən ofisiant qadın bıçaqlandı

KRİMİNAL 18 mart 2025, 15:54
Qusar rayonunda 1993-cü il təvəllüdlü Masallı rayon sakini Arzu şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Aygünə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında baş verib. 
Orada Arzu Aygünün sol bud nahiyəsindən bir dəfə bıçaq zərbəsi ilə qəsdən vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Arzunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Arzu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Aygünü bir müddətdir tanıyır: “Mən özümün “Köhnə Dostlar” kafesində qeyri-rəsmi işləyirəm. 16 dekabr 2025-ci ildə, gecə saat 4 radələrində Qusar şəhərində yerləşən “MM” kafesinə getdim. Orada tanışım Camal ilə pivə və araq içdim. Bundan sonra isə hesabı vermədən kafedən getdim. Qusar şəhərində yerləşən “Köhnə Dostlar” kafesinin arxa hissəsində yerləşən fərdi yaşayış evimdə olan zaman Aygün mənə zəng etdi və hesabı ödəməyimi tələb etdi. Mən də gələrək pulunu Aygünə bildirdim. Bundan sonra Aygün mənim müvəqqəti yaşadığım ünvana gəldi. Mən ona 20 manat pul verdim. Həmin vaxt Aygün taksi ilə gəldiyini bildirdi və taksinin də pulunu verməyimi tələb etdiyinə görə aramızda söz-söhbət yarandı. Mən əsəbləşərək evə keçdim. Evdən bıçağı götürərək çölə çıxdım. Həmin bıçaqla Aygünün sol budundan bir dəfə vurdum. Sonradan əməlimdən peşman oldum. Aygündən üzr istədim. Həmin şəxslə barışmışam və həmin şəxsin mənə qarşı heç bir şikayəti yoxdur”. 

İş üzrə zərərçəkmiş qismində ifadəsi verən Aygünün sözlərinə görə, təqsirləndirilən Arzunu bir müddət əvvəldən tanıyıb: “Mən  “MM” kafesində qeyri-rəsmi olaraq ofisiant işləyirəm. Dekabrın 16-da, saat 4 radələrində  işdə olduğum zaman Arzu Camal adlı tanışı ilə kafeyə gəldi və yeyib-içdikdən sonra hesabı ödəmədən getdilər. Bundan sonra mən Arzunun mobil telefonunu taparaq ona zəng etdim və hesabın ödənilməsini tələb etdim. Arzu gələrək pulu evindən götürməyimi dedi. Bundan sonra mən kafedə işləyən iki nəfərlər birlikdə Arzunun ödəməli olduğu pulu götürmək üçün taksi ilə onun yaşadığı ünvana getdik. Qapıya çatdıqda Arzu özü həyətdən çölə çıxdı və ödəməli olduğu pulu mənə verdi. Mən Arzuya gəldiyimiz taksinin də pulunu ödəməsini bildirdim. Həmin zaman Arzu əsəbləşərək mübahisə etməyə başladı. Sonra isə evə girib-çıxdı. Mən isə elə bildim ki, Arzu taksinin pulunu gətirir. Həmin vaxt Arzu belindən bıçağı çıxardaraq sol bud hissəmdən bir dəfə vurdu. Bundan sonra mənimlə birlikdə gələn kafenin işçiləri məni  taksi ilə yaşadığım ünvana apardılar. Sonra isə mən bu barədə polisə və təcili tibbi yardım stansiyasına məlumat verdim”.

Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Aruzunun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top