Ermənistan və Gürcüstanda gərginlik: "Azərbaycanın siyasi kursu fərqlənir"

DÜNYA 06 mart 2025, 17:14
Son günlər Ermənistan və Gürcüstanda müxalifətin yenidən aktivləşməsi müşahidə olunur. Hər iki Cənubi Qafqaz ölkəsində xaricdən idarə edildiyi ehtimal olunan qüvvələrin mərkəzi hakimiyyətə qarşı yeni aksiyalar keçirməyə hazırlaşdığı bildirilir.

Ekspertlər iddia edir ki, Ukrayna müharibəsi bitərsə, Qərb və Rusiya Gürcüstan uğrunda yenidən mübarizəyə başlayacaqlar. Həmçinin Ermənistanda hazırda güclənən Qərbyönümlü hakimiyyətlə Rusiyayönümlü keçmiş hökumət rəsmiləri arasında da müəyyən qarşıdurmanın ola biləcəyi deyilir. Prosesin Azərbaycana da təsir etməsi, iki güc mərkəzinin Bakı uğrunda mübarizəyə başlamağa cəhd göstərmələri ehtimal olunur.

Moskva və Brüsselin Bakı ilə bağlı planı nədir? İki region ölkəsində gedən proseslər Azərbaycana necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Ədalət, Hüquq, Demokratiya  (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi ekspert Əli Zülfüqaroğlu bildirib ki, Ermənistanda və Gürcüstanda baş verən proseslər müəyyən qədər aydındır:

“Çünki Qərb təşkilatlarının sıradan çıxarılması və Gürcüstan hökumətinin buna qarşı gözlənilən reaksiyası fonunda yenidən aksiyalara cəhdlər müşahidə oluna bilər. Amma hazırda elə Birləşmiş Ştatlar hökuməti tərəfindən də müxtəlif donor təşkilatları adı altında pozucu fəaliyyət göstərən qurumların sıradan çıxarılması prosesi gedir. Bu tendensiyanın ilk mərhələdə Avropa İttifaqı istisna olmaqla, sonradan bütün dünyanı əhatə etmə perspektivi var. Təbii ki, Gürcüstan da bu cür proseslərlə üzləşəcək. Buna görə də düşünürəm ki, Gürcüstandakı aksiyaların perspektivi barədə danışmaq doğru olmaz. Yəni, aksiyaların ciddi nəticə verəcəyini və ya ümumiyyətlə nəticə doğuracağını gözləmək mümkün deyil”.

Ə.Zülfiqaroğlu onu da qeyd edib ki, Ermənistanda isə Gürcüstandakı proseslərin əksi baş verir:



“Yəni, Rusiyanın müxalifətə dəstək vermək ehtimalı var və hökumətə qarşı təzyiqlər formalaşdırılır. Amma bu o demək deyil ki, həmin proseslər Azərbaycana da təsir edə bilər. Çünki Azərbaycanın həyata keçirdiyi siyasət, Ermənistan və Gürcüstanın siyasəti və ümumiyyətlə bu ölkələrin vəziyyəti ilə müqayisədə tamamilə fərqlidir. Azərbaycan müstəqil siyasət yürüdür, güclü diplomatik və hərbi mövqelərə sahibdir. Uzaq perspektivə hesablanmış strateji sənədlər imzalayıb, Türkiyə kimi güclü müttəfiqi var və bu istiqamətdə işlər davam edir. Eyni zamanda, Azərbaycanın çoxşaxəli siyasəti var. Azərbaycanın geosiyasi prosesləri düzgün oxuyaraq diplomatik siyasətini bu istiqamətdə formalaşdırması effektiv nəticələr əldə etməsinə səbəb olub. Bu baxımdan düşünürəm ki, Ermənistan və Gürcüstanla Azərbaycanın siyasətini müqayisə etmək mümkün deyil. Azərbaycanla bağlı hər hansı bir təhdid formalaşdırmaq, ona təzyiqlər göstərmək və ölkədə problemlər yaratmaq qeyri-mümkündür”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top