Sarsılmaz dostluq və qardaşlıq: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ

GÜNDƏM 05 mart 2025, 18:21
70 illik dövr ərzində Sovetlər İttifaqının tərkibində olan Azərbaycan yenicə dövlət suverenliyini əldə etdikdən sonra onun müstəqilliyini ilk tanıyan dövlət Türkiyə oldu. Əslində bu, elə belə də olmalı idi. Çünki Azərbaycan və Türkiyə qardaş xalqlardır və 70 illik Sovet rejimi belə bu qardaşlığa xələl gətirə bilmədi. Sonradan Ümumilli lider Heydər Əliyevin söyləyəcəyi “Bir millət, iki dövlət” şüarı qarşılıqlı münasibətlərə verilən ən böyük epitet kimi tarixə düşəcəkdi.

Müstəqil Azərbaycan Respublikasına sovetlərdən miras qalan Qarabağ münaqişəsi fonunda, 30 illik işğal dövründə Türkiyə Azərbaycana dəstəyini heç zaman əksik etmədi və  eyni mövqedən çıxış edərək, Ermənistanın havadarlarına qarşı qətiyyətli mövqe nümayiş etdirdi. Müstəqil Azərbaycan dövlətinin memarı, siyasət fenomeni Heydər Əliyev fərqində idi ki, daxili sabitliyi təmin etmədən, iqtisadi və hərbi qüdrətimizi artırmadan, nizami ordu formalaşdırmadan torpaqlarımızın işğaldan azad edilməsi mümkün deyil. Çünki O, beynəlxalq siyasətin mahir bilicisi idi. Məhz elə bu səbəbdən də bütün diqqət bu məsələlərə yönəldi. Sonradan isə bu siyasət Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 

Azərbaycan zabitləri Türkiyədə təhsil almağa göndərildi, qardaş ölkənin əxs etdiyi hərbi keyfiyyətlər ölkəmizin hərbçiləri arasında populyarlıq qazanmağa başladı. Ölkələrimiz arasında birgə hərbi təlimlərin keçirilməsi, silah tədarükü və müdafiə sənayesi sahəsindəki layihələr bu prosesin uğurlu davamı idi və təsadüfi deyil ki, müxtəlif bölgələrdə həyata keçirilən hərbi təlimlərdə qardaş ölkənin Silahlı Qüvvələri də bizim Silahlı Qüvvələrimizlə birlikdə iştirak edirdi. Şübhəsiz ki, bu təlimlər Şimali Atlantika Müqaviləsi Təşkilatı, yəni, NATO ilə əməkdaşlıq çərçivəsində əməkdaşlığı gücləndirərək, qlobal təhlükəsizlikdə Azərbaycanın iştirakını şərtləndirir, güc mərkəzinə çevirirdi.  Türkiyədən alınan pilotsuz uçuş aparatları isə, tarixi qələbəni təmin edən İkinci Qarabağ müharibəsində hərbi qüdrətimizin artırılmasında vacib rol oynadı.

44 günlük vətən müharibəsində əldə edilən tarixi Zəfər nəticəsində 30 illik həsrətimizə son qoyulması, ekoloji, mədəni və mina terroruna məruz qoyulan Qarabağımızın işğaldan azad edilməsi, soyqırımlara və terrorlara məruz qalan soydaşlarımızın qisasının alınması və ən əsası ərazi bütövlüyümüzün təminində də Türkiyə öz mühüm dəstəyini əsirgəməyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti qarşısında aciz qalan və erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı “təzyiq siyasətini” işə salan Fransa və bu kimi ölkələrə qarşı mübarizədə də Türkiyənin ölkəmizin yanında olması mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan bu prosesdə tək deyildi və qardaş dəstəyini mənəvi gücünü daim öz üzərində hiss edirdi. 

Azərbaycanla Türkiyə arasında iqtisadi münasibətlərin də səviyyəsi çox yüksəkdir. “Əsrin müqaviləsi” çərçivəsində Avropanı əvvəlcə neft, sonradan isə müxtəlif beynəlxalq layihələr əsasında qazla təhciz edən Azərbaycanın əsas portnyorlarından biri də Türkiyədir. Heydər Əliyev adında Bakı-Tbilisi-Ceyhan neft, TANAP layihəsi çərçivəsində isə qaz kəmərlərimiz Türkiyə üzərindən Avropaya nəql olunmaqdadır. Türkiyə həm də Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Təsadüfi deyil ki, hazırda Azərbaycanda və Türkiyədə yaşayan hər iki dövlətin vətəndaşlarını sayı milyonlarladır. Qarşılıqlı iqtisadi layihələrin sayı artmaqda, digər türk dövlətləri ilə birlikdə vahid iqtisadi mexanizm isə uğurla qurulmaqda və icra edilməkdədir.

Son illərdə Azərbaycan və Türkiyə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Tarixi Zəfərdən sonra imzalanan Şuşa Bəyannaməsi iki ölkənin müttəfiqlik münasibətləri rəsmiləşib. İkitərəfli münasibətlər hərbi əməkdaşlıq, iqtisadi layihələr və mədəni əlaqələr sayəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Sülh sazişindən sonra, əlbəttə ki, Ermənistan yekunda bununla razılaşmağa məhkumdur, işə düşəcək Zəngəzur Dəhlizi Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini təmin etməklə yanaşı, Türkiyənin Orta Asiya ilə quru əlaqəsini gücləndirəcək. Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid güc mərkəzinə çevrilən türk dövlətləri arasında həmrəyliyə də öz mühüm töhfəsini verməkdədir.

Azərbaycanla Türkiyə ən çətin anlarında qarşılıqlı dəstək nümayiş etdiriblər. İki il öncə Kahramanmaraş vilayətində baş verən şiddətli zəlzələdə Azərbaycan qardaşlıq missiyasını ləyaqətlə icra etdi və Türkiyənin yanında oldu. Seysmoloji fəlakətin nəticələrinin aradan qaldırılması üçün zərərçəkən əhaliyə dərhal humanitar yardım göndərdi, Fövqəladə Hallar Nazirliyi vasitəsilə axtarış-xilasetmə əməliyyatlarında iştirak etdi. Prezident İlham Əliyevin şəxsən göstərişi ilə həyata keçirilən bu yardımlar sonradan da davam etdirildi. Kahramanmaraşda ölkəmizin şərəfinə “Azərbaycan” adlanan məhəllənin inşası da məhz ölkəmiz tərəfindən qarşılanıb. 

Burada zəlzələyə görə evini itirmiş ailələr üçün 1000-dən çox mənzil inşa olunub. Layihə təkcə yaşayış və ticarət obyektləri ilə məhdudlaşmır. Burada, həmçinin məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi, məscid və digər sosial obyektlər də tikilir. Burada inşa edilən məktəb Ümummilli Lider Heydər Əliyevin adını daşıyır.

Azərbaycan və Türkiyə qardaşlığı sonsuzdur. Münasibətlər hər ötən gün daha da genişlənir. Dünya miqyasında Azərbaycan və Türkiyənin iştirak etdiyi, baş rol aldığı türk dövlətlərinin inteqrasiyası ilə formalaşan yeni güc mərkəzi yaranır. İkitərəfli münasinətlərin inkişafında hər iki qardaş dövlətin liderləri – cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın siyasi qətiyyəti, kəskinləşən geosiyasi münasibətlər fonunda müstəqil iradələrini qoruması mühüm rol oynayır.

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! Yaşasın türk dünyası!


Azər Niftiyev
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top