Rusiyanın Polşa və Litvaya qoşun yeritməsi gözləniləndir? — AÇIQLAMA

DÜNYA 21 fevral 2025, 12:56
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın nüfuzlu “The Guardian” nəşrinə müsahibəsində Rusiya ordusunun gücləndirilməsi və potensial təhlükələri barədə açıqlamalar verib. Prezident bildirib ki, Rusiya 2025-ci ilə qədər ordusunu 12-15 diviziya, yəni təxminən 150 min əsgər artırmağı planlaşdırır.

Bu artım Şimali Koreyadan səfərbərlik yolu ilə əlavə qoşunların cəlb edilməsi hesabına həyata keçiriləcək. Prezident qeyd edib ki, ehtimal olunan bu qüvvələr Belarus ərazisində təlim keçəcək və Rusiya, Belarus ərazisindən Polşa və Litvaya qarşı hücum planları qura bilər.

Bəs Rusiyanın adı çəkilən ölkələrə qoşun yeritməsi gözləniləndir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Zelenskinin söylədiyi fikirlər bir qədər inandırıcı görünmür:

“Çünki Ukraynanın Polşa və Litva ilə eyniləşdirmək düzgün məsələ deyil. İlk növbədə Polşa və Litva NATO-nun üzvüdür. Əgər Rusiya bura hücum edərsə, o zaman bu NATO ölkələrinə hücum kimi sayılacaq. Digər bir məsələ isə Rusiyanın Belarusu hədəf halına gətirmək istəməməsidir. Yəni, Polşanın məsələn, NATO-nun özündən müstəqil şəkildə kifayət qədər güclü ordusu var. Polşa Şərqi Avropada ən güclü orduya malik dövlətdir. Belarus ordusu Polşaya təsir edə bilməz”.

Politoloq onu da vurğulayıb ki, Rusiyanın Litva və Polşaya hücumu NATO-ya hücum kimi xarakterizə edilə bilər:

“Bu da NATO-nun müvafiq maddəsinin işə düşməsinə gətirib çıxara bilər. Yəni, NATO ölkələri Ukrayna müharibəsində göstərdiyi mövqeyi və yaxud da ki, mövqesizliyi, artıq Rusiya qarşısında bu qədər sakit qalmağı Polşa və Litvaya qarşı göstərə bilməzlər. Çünki bu ölkələr NATO-nun üzvüdür. Bu hücum birbaşa NATO-ya hücum sayılır və müvafiq maddədə avtomatik işə düşəcək. Eyni zamanda ABŞ-nın ən böyük hərbi bazalarının olduğu ölkələrdən biri, Şərqi Avropada məhz Polşadır. Yəni, Polşaya hücum faktiki olaraq ABŞ-nın hərbi qüvvələrinə hücum olar. Bu, yeni dünya müharibəsinin başlamasına səbəb olacaq amildir.Bu inandırıcı deyil. Rusiyanın özünün də bir məsələdə qırmızı xətti var. Hər nə qədər Rusiya bəzən bir çox hallarda qırmızı xəttlərini keçirir, elə qırmızı xəttlər var ki onları keçmək mümkün deyil. Bu məsələ də Rusiyanın qırmızı xəttidir. Mən inanmıram ki, Moskva da bunu keçəcək qədər özlərini itirmiş olsunlar. Polşaya və Litvaya hücum açıq şəkildə yeni dünya müharibəsinin başlamasına təkan verəcək amildir. Rusiya buna hazır deyil. Nəzərə alaq ki, Ukraynada müharibədə Rusiya kifayət qədər resurslarını itirib və kifayət qədər də zəifləyib”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top