Tramp Qrenlandiyanı ilhaq edə biləcmi? — AÇIQLAMA

DÜNYA 22 yanvar 2025, 20:18
ABŞ Prezidenti Donald Tramp çıxışı zamanı bildirib ki, Qrenlandiya Rusiya və Çindən gələcək təhdidlər, beynəlxalq təhlükəsizlik üçün Amerikaya lazımdır. 

Onun sözlərinə görə, Danimarka bu ərazilərə etibarlı şəkildə nəzarət etmək imkanında deyil: 

“Qrenlandiya əla yerdir. Bu, beynəlxalq təhlükəsizlik üçün lazımdır. Əminəm ki, Danimarka güzəştə gedəcək, onların bu əraziyə nəzarət etməsi üçün resursları yoxdur. Rusiya qayıqları, Çin hərbi gəmiləri hər yerdədir. Danimarka bura nəzarət edə bilmir”.


Mövzu ilə bağlı politoloq Turan Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, Trampın Kanada, Qrenlandiya və Panama ilə bağlı açıqlamaları əslində nə spekülasiya mahiyyətli açıqlamalardır, nə də gündəmə gəlmək üçün atılan addımlardır:

“Məsələn, Qrenlandiya və Kanada məsələsi bir-biri ilə bağlıdır, xüsusilə də bu ərazilər Arktik bölgə ərazilərdir. Son 10 il ərzində əslində Arktika regionu o qədər də diqqət mərkəzində deyildi. Yəni, Şimal Buzlu Okeanının relyefin çətinliyi, iqlim şəraiti, siyasi və geosiyasi baxımı bir maraq kəsib etmirdi. Amma  son 10-20 illik periodda qlobal istiləşmənin də gətirdiyi fəsadlarla  həmin regionun buzlaqları əriyib və ərimə nəticəsində regionun təbii sərvətləri ortaya çıxır. 

Arktika regionu həm təbii qaz və neft resursları baxımından çox zəngindir. Bunlar hələ ki bilinən resurslardır. Orada Uran yataqlarının olduğu da qeyd olunur. Və artıq Çin bu məsələdə çoxdan hərəkətə keçib. Misal üçün, Sibir ərazisi və Sibirin Şimal Buzlu okeanına düşən hissəsi uzun illərdir ki, çinlilər tərəfindən istifadə edilir. Yəni, Rusiya bu ərazilərin iqlim şəraitinin çətinliyindən dolayı, demək olar ki, buranı Çin şirkətlərinə icarəyə verib”.
 
Politoloq qeyd edib ki, Çin də bu ərazilərdə geoloji, kəşfiyyat və siyasi məqsədlərdən istifadə edir:

“Amerika bunun gec fərqinə vardı. Ona görə də belə radikal qərarlar verməyə başlayıb. Yəni, əslində, Qrenlandiya ilə  bağlı məsələ bir az tragikomikdir. Çünki Qrenlandiyada onsuz NATO bazası və Amerika hərbiçiləri var. 

Yəni, faktiki olaraq, Qrenlandiyaya ABŞ nəzarət edir. Qrenlandiya muxtariyyət əldə edib. Danimarkaya siyasi olaraq bağlıdır, amma özlərinin daxili qərarları var. Yəni, bu baxımdan Qrenlandiyada referendum keçirilsə, onlar Amerikaya birləşməklə bağlı qərar qəbul edə bilərlər. Tramp  əslində bunu deyir. İndi birbaşa Qrenlandiyanın ilhaqı olub-olmayacağı çətin məsələdir. Amma Tramp bu ərazilərdən Amerika üçün böyük imtiyazlar əldə edə bilər. Bu ərazinin neft-qaz hasilatının çıxarılmasını, hərbi nəzarətinin Amerikaya verilməsi kimi məsələlərdə bir razılığa gəlinə bilər. Amma Danimarkanın ərazini itirmək istəyəcəyini düşünmürəm. 

Ümumiyyətlə, dünyada qəbul edilmiş bir beynəlxalq münasibətlər sistemi və konvensiyalar var. Bu konvensiyalardan biri də dövətlərdə  ərazi  bütövlüyün dəyişilməzlik prinsipidir. Əgər ABŞ bunu etsə bu, çox ciddi bir proses olacaqdır. Yəni, Rusiyanın işğalçı siyasəti ilə eyni olmasa da, beynəlxalq hüququn pozulmasına zəmin yaradacaqdır”.

Politoloq onu da vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinin Ukrayna ərazilərinin ilhaq hesabına bitməsi də gündəmdədir:

“Əgər buna da ABŞ razı olsa, bu dünyada artıq beynəlxalq münasibətlər sisteminin pozulmasının əsasını qoyacaq. Və dünyada bir xaotik sistem yarana bilər. Böyük dövlətlər də bu istiqamətdə heç nə etmirlər. Tramp Qrenlandiya ilə bağlı sistemə nail ola bilər. Amma adanın ilhaqı məsələsi çətin görünür və bu, beynəlxalq münasibətləri poza biləcək məsələdir”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top