2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq?

SİYASƏT 04 yanvar 2025, 17:38

Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması prosesi 2025-ci ilin də gündəliyində olan əsas məsələlərdəndir. Ötən il iki ölkə arasında baş tutan görüşlərdə sülh danışıqları davam etdirilsə də, müəyyən uğurlar əldə olunsa da, bölgədə baş verən gərginliklər, xüsusən də Ermənistanın təxribatları fonunda İrəvana inamsızlıq atmosferi prosesin irəliləməsinə mane oldu və nəticədə sülh müqaviləsi yenə də imzalanmadı. Bəs mövcud reallıqları nəzərə alsaq, 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözləniləndir?

Mövzunu Oxu.Az-a dəyərləndirən Milli Məclisin deputatı Azər Badamov 2025-ci ilin Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması baxımından əhəmiyyətli dövr olacağını hesab edir:

"Əks halda, sülh müqaviləsinin alternativi münasibətlərdə gərginliyin davam etməsi və ya müharibədir. Ermənistan rəhbərliyi silahlanmaya üstünlük verərək, ordusunu gücləndirdiyi görüntüsünü yaratsa da, sülh onlara hamıdan çox lazımdır. Düzdür, Ermənistana sülhə gedən yolda Qərb mane olur və onu dəyəri ödənilmədən öldürücü silahlarla yükləyir. Amma Prezident İlham Əliyev yeni il qabağı səsləndirdiyi müraciətdə Ermənistanın silahlanmasının Azərbaycanı da daha çox hərbi gücünün artırmasına vadar etdiyini bildirib, həmçinin, 2020-ci ilin 44 günlük Vətən müharibəsini və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərini xatırladaraq, Ermənistanın təxribatçı əməllərə əl atdığı təqdirdə hansı faciələrlə qarşılacağını bir daha yadlarına salıb. Ölkə başçısının Ermənistanın 2024-cü ildə Qazax rayonunun dörd kəndini geri qaytarmasını da öz xoşu ilə etmədiyini bildirməsi də bir mesajdır. Bu baxımdan, Azərbaycanla yenidən müharibə baş verərsə, hansı vəziyyətlə qarşılaşacaqlarını Ermənistan rəhbərliyi dərk edir. Ona görə də ölkə daxilində kütləvi aksiyalar davam etsə də, sərhəddə delimitasiya prosesi və sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar davam edib".

"2025-ci ildə Ermənistan-Azərbaycan münasibətlərinin necə inkişaf edəcəyi ilə bağlı subyektiv fikrim müsbətdir. Hesab edirəm ki, cari il ərzində iki qonşu ölkə arasında münasibətlərin normallaşması prosesində müsbət tendensiyaları görəcəyik. Amma sülh müqaviləsinin imzalanması məsələsinin gələn ildə baş tutacağını hesab edirəm. Çünki 2026-cı ildə Ermənistanda parlament seçkisi keçiriləcək. Paşinyan seçkiqabağı radikal müxalif qrupların ona qarşı hərəkətə keçməsinə imkan verməmək üçün sülh müqaviləsi ilə bağlı tələblərimizin icrasını seçkidən sonraya saxlayacaq. Ona görə də Paşinyan və komandası sülh danışıqları ilə bağlı müsbət anonslar verməklə bu ili başa vuracaq. Amma seçki başa çatandan sonra Ermənistan konstitusiyasında müvafiq dəyişikliklərin ediləcəyini və qısa zaman kəsiyində sülh müqaviləsi imzlanacağını hesab edirəm. Həm də Cənubi Qafqaz müharibələr və qarşıdurmalardan yorulub. Artıq sülh və əməkdaşlıq içində yaşamaq zamanının yetişdiyini hesab edirəm", - deyə müsahibimiz əlavə edib.

Politoloq Rəşad Bayramov isə Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, təbii ki, daha çox Ermənistandan asılı olan məsələdir:

"Çünki Ermənistan müstəqil siyasət yürüdə bilmək iqtidarında olmadığı kimi, müstəqil qərarlar da qəbul edə bilmir. Sülh sazişinin imzalanması üçün mütləq şəkildə ilk növbədə özünün havadarlarından, yəni maraqlarını təmin etdiyi dövlətlərdən icazə almalıdır. Digər bir tərəfdən isə məlumdur ki, hələ də razılaşdırılmamış məsələlər var. Söhbət Avropa İttifaqının müşahidə missiyasının sərhəddən çıxarılmasından və qarşılıqlı şəkildə beynəlxalq məhkəmələrə olan iddialardan imtinadan gedir. Amma hətta bundan sonra belə, yəni sülh sazişinin bütün müddəaları razılaşdırılsa da, bu, sazişin imzalanacağı anlamına gəlmir. Çünki ortada bizim iki şərtimiz də var. Bu şərtlərdən biri Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının çıxarılması, ikinci isə ATƏT-in keçmiş Minsk qrupundan imtina ilə bağlı qərarın verilməsidir. Bu iki şərtin də sülh sazişinin imzalanması üçün razılaşdırılması lazımdır. Başqa sözlə desək, sazişdəki müddəaların razılaşdırılması bir tərəfə, ondan sonrakı mərhələdə şərtlərin də icrası üçün müvafiq danışıqların aparılması labüddür".

"Lakin Ermənistan tərəfi indiki mərhələdə nə Avropa İttifaqının müşahidə missiyasının sərhəddən çıxarılmasında, nə də konstitusiya dəyişikliklərinə getməkdə maraqlı görünür. Baş nazir Nikol Paşinyan bütün vasitələrdən istifadə edib prosesi 2026-cı ildən sonraya, yəni Ermənistanda keçiriləcək parlament seçkisindən sonraya saxlamaq istəyir. Belə olan halda da 2025-ci ildə də Azərbaycan - Ermənistan münasibətlərində hər hansı U dönüşünə şahid olacağımızı söyləmək çətindir", - müsahibimiz deyib.

Bayramov əlavə edib ki, buna baxmayaraq, Zəngəzur dəhlizi istiqamətində kommunikasiyaların açılması istiqamətində hansısa razılaşma əldə oluna bilər:

"Xüsusilə Qazaxın anklav kəndlərinin qaytarılması ilə bağlı 2025-ci ilin aktiv danışıqlar ili olacağını ehtimal etmək olar. Amma sülh sazişinin imzalanması indiki şərtlər daxilində hələ ki mümkün görünmür".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 yanvar 2025, 19:27
Top