Saatlıda həmkəndlilər arasında dava — Xəsarət alan var

KRİMİNAL 27 dekabr 2024, 17:34
Saatlı rayonunda 1987-ci il təvəllüdlü Daşqın şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Rahibə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 25 avqust 2024-cü ildə Saatlı rayonunun kəndində baş verib. Daşqın həmkəndlisi Rahibə yaşadığı evə gedən torpaq yolun kənarında sonuncu ilə şəxsi münasibətlər zəminində mübahisə edib dalaşaraq yumruqla baş, sifət və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Daşqının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Saatlı rayonunun kəndində yaşayır:

“Rəsmi olaraq heç bir yerdə işləmirəm, fərdi əmək fəaliyyəti ilə məşğul oluram. İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Zərərçəkmiş Rahib həmkəndlimdir, düşmənçiliyim və ədavətim olmayıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 25-də, saat təxminən 16 radələrində həmkəndlisi Rahibə zəng edib və ondan onu Saatlı şəhəri mərkəzi bazarının qarşısında yerləşən dərzi sexinə aparmasını xahiş edib: Rahib də “VAZ 21099” markalı avtomobili ilə yaşadığım evin qarşısına gəldi, məni avtomobilinə götürdü. Bundan sonra Rahib ilə birlikdə Saatlı şəhərinə gedərək orada mərkəzi bazarın qarşısında yerləşən dərzi sexlərinin birinin qarşısında avtomobili saxladı. Mən də sexə daxil olub şalvarın ölçülərinin düzəldilməsi üçün dərziyə verdim. Aldığım şalvarı düzəltdirdikdən sonra Rahibin avtomobilinə əyləşərək yenidən yaşadığımız kəndə qayıtdıq. Kəndə çatdıqdan sonra Rahibdən avtomobilini yaşadığım evə gedən yolda saxlamasını bildirdim. Mən avtomobildən düşmədim və Rahibə yol haqqı olaraq 3 manat verdim. Lakin Rahib həmin pulun az olduğunu dediyi üçün ona əlavə olaraq 1 manat da verdim. Rahib yenə də həmin pulun az olduğunu deməsinə görə onunla aramızda sözlə mübahisə oldu”. 

Daşqının ifadəsinə görə, daha sonra Rahibi avtomobilindən düşüb və kənddə yerləşən Faiq adlı şəxsin işlətdiyi kafeyə gedib, orada yeyib-içdikdən sonra yaşadığı evə yollanıb: “Evdə olarkən Rahib mənim verdiyi pula narazılıq etməsinə görə onun mobil nömrəsinə zəng etdim. Rahib zəngimə cavab verən zaman ondan harada olduğunu soruşdum, ona verdiyim pula görə nə səbəbə narazılıq etməsinin səbəbini sual etdim. Lakin Rahib kənddə yerləşən Xəlil adlı şəxsə məxsus mağazanın yaxınlığında olduğunu və işinin olduğunu deyərək telefon əlaqəsini kəsdi. Bundan sonra dəfələrlə Rahibə zəng etsəm də, sonuncu zənglərimə cavab vermədi. Rahibin bu hərəkətləri xətrimə dəydiyinə görə yaşadığım evdən çıxıb piyada Xəlilin mağazasının qarşısına getdim. Mağazanın qarşısına çatanda həmin vaxt Rahib orada olub. Mən Rahibə yaxınlaşaraq onunla işim olacağını dedim, kənara çəkilməsini istədim. Bundan sonra Rahib ilə piyada söhbət edə-edə onun avtomobilinə tərəf getdik. Rahibin avtomoblinə çatmağımıza təxminən 10 metr qalmış mənə “bir də mənə zəng etmə, kiminlə gedirsən get” dedi. bu mənə təsir etdi. Buna görə də yumruqla Rahibin baş və sifət nahiyəsinə zərbələr endirdim. Zərbənin təsirindən Rahib Xəlil adlı şəxsə məxsus evin daş hasarına dəyərək əli ilə gözünü və başını tutaraq aşağı oturdu. Mən də bundan sonra yaşadığım evə getdim”. 

Bu cinayət işinə Saatlı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Daşqın gün ərzində dörd saatdan çox olmamaqla iki yüz qırx saat müddətə ictimai işlər cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top