Azərbaycanda COP29 BAŞLAYIR

COP29 11 noyabr 2024, 00:05
Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 başlayır.

Demokrat.az-ın məlumatına görə, 2023-cü ilin dekabrın 11–də Birləşmiş Ərəb Əmirliklərində COP28-in plenar iclasında bununla bağlı qərar verilib. COP28-in prezidenti, BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir COP-un növbəti konfransının Azərbaycanda keçiriləcəyini elan edib.

Qeyd edək ki, COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.

2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb.

Beləliklə, 2023-cü il dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.

Tərəflər Konfransı (COP), Paris Sazişi və Konvensiyası üzrə irəliləyişə nail olmaq və ən son elmi tədqiqat və məlumatlara əsasən qlobal istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaq üçün hökumətlərin beynəlxalq səyləri qiymətləndirdiyi Tərəflər Konfransının rəsmi tədbirləridir.

COP tədbirləri zamanı dünya liderləri irəliləyişləri qiymətləndirmək və iqlim dəyişmələri ilə mübarizədə ən yaxşı həll yolları barədə müzakirələr aparmaq məqsədilə bir araya gəlirlər.

Hazırda Konvensiya 198 Tərəfdən (197 ölkə və Avropa İttifaqı) ibarətdir.

COP29 2024-cü ilin 11-22 noyabr tarixlərində Bakı şəhərindəki Bakı Stadionunda keçiriləcək.

Prosesi şəffaf, qərəzsiz və inklüziv şəkildə həyata keçirmək məqsədilə COP29 Sədrliyi ambisiyaların artırılması və fəaliyyətə təkan vermək üçün bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki istiqamətə əsaslanan plan hazırlayıb.

Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

COP29 Sədrliyi Fəaliyyət Gündəliyi çərçivəsində qlobal təşəbbüsləri elan edib. Sədrlik tərəfindən irəli sürülən təşəbbüslərin məqsədi iqlim fəaliyyətini irəlilətmək, tərəf olmayan maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan verməkdir. COP29 Sədrliyinin təşəbbüsləri sinerjini, əlaqəliliyi və yüksək təsiri təmin etmək üçün öncədən başladılan dəyərli irsi davam etdirir. Sədrlik təşəbbüsləri hazırlayarkən Birləşmiş Millətlər Təşkilatının Qlobal İşçi Qrupu və Tərəf və müşahidəçi qismində çıxış edən (tərəf olmayan) digər maraqlı tərəflərlə əməkdaşlıq edib, həmçinin hərtərəfli fəaliyyət planını həyata keçirmək üçün belə inklüziv əməkdaşlığı davam etdirəcək.

TƏŞƏBBÜSLƏR

İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu (CFAF)

Mədən (qazıntı) yanacağı hasil edən ölkə və şirkətlərin könüllü ianələri ilə kapitallaşdırılan Fond mənfi təsirlərin yumşaldılması, tədqiqat və inkişaf üzrə dövlət və özəl sektorları gücləndirəcək. Fond, həmçinin ehtiyacı olan, inkişaf etməkdə olan ölkələrdə təbii fəlakətlərin nəticələrini qısa zamanda aradan qaldırmaq məqsədi ilə yüksək güzəştli və qrant əsaslı maliyyələşdirmə üçün xüsusi imkanlara malik olacaq.

İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT)

Təşəbbüs yaşıl şaxələndirməyə sərmayəni təşviq etmək, siyasətin inkişafını dəstəkləmək və dialoq vasitəsilə təcrübə mübadiləsi aparmaq üçün platforma ilə iqlim maliyyəsi, investisiya və ticarət əlaqəsinə diqqət yetirir.

Yaşıl enerji üzrə zona və dəhlizlər

Yekun öhdəlik investisiyaların təşviqi, iqtisadi artımın stimullaşdırılması, infrastrukturun inkişafı, modernləşdirilməsi və genişləndirilməsi hədəfləri də daxil olmaqla, yaşıl enerji zonaları və dəhlizlərinə, eləcə də regional əməkdaşlığın təşviqinə töhfə verəcək.

Enerji saxlanılması və şəbəkələri

Yekun öhdəlik qlobal enerji saxlama qabiliyyətini 2022-ci il səviyyəsindən 6 dəfə artırmağı və 2030-cu ilə qədər 1500 qiqavata çatdırmağı hədəfləyəcək. Enerji şəbəkələrini təkmilləşdirmək üçün təsdiqləyicilər, həmçinin şəbəkələrə sərmayələri əhəmiyyətli dərəcədə genişləndirərək 2040-cı ilə qədər 80 milyon kilometrə çatdırmağı öhdələrinə götürəcəklər.

Hidrogen fəaliyyəti

Yekun Bəyannamə tənzimləyici, texnoloji, maliyyələşdirmə və standartlaşdırma maneələrini həll etmək üçün rəhbər prinsiplər və prioritetlərlə təmiz hidrogen və onun törəmələri üçün qlobal bazarın potensialını ortaya çıxaracaq.

COP Atəşkəs çağırışı

Olimpiya Atəşkəs çağırışından nümunə götürülmüş COP Atəşkəs çağırışı sülh və iqlim fəaliyyətinin vacibliyini vurğulayacaq. Bu təşəbbüs bütün xalqlara münaqişə və iqlim dəyişməsi arasındakı qarşılıqlı əlaqəni xatırlatmaq və ən həssas təbəqələri qorumaq üçün kollektiv həll variantlarının tapılmasının vacibliyini vurğulamaq məqsədi daşıyacaq. Tərəfdaşlarla birgə rəhbərlik ediləcək ayrıca “COP29 – İqlim və Sülh” Müştərək Təşəbbüsü ən həssas təbəqələri mövcud resurslarla əlaqələndirməklə yanaşı, həm də sülh və iqlimin kəsişməsində müxtəlif təşəbbüslərin həyata keçirilməsi istiqamətində gələcək fəaliyyətləri təşviq etmək üçün mükəmməllik mərkəzi yaratmaq kimi konkret nəticələrin əldə olunması məqsədləri daşıyır.

Yaşıl rəqəmsal fəaliyyət

Yekun Bəyannamə İnformasiya və Kommunikasiya Texnologiyaları sektorunda iqlimə müsbət təsir göstərən rəqəmsallaşma və emissiyaların azaldılmasını sürətləndirmək və yaşıl rəqəmsal texnologiyaların əlçatanlığını artırmaq məqsədi daşıyır.

İqlim davamlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsü

Bu təşəbbüs bəşəri inkişaf üzrə müxtəlif nəticələr, o cümlədən təhsil, bacarıqlar, sağlamlıq və rifah halına, xüsusən də uşaqlar və gənclər üçün sərmayələrə təkan verilməsi, COP-dan COP-a davamlılığın yaradılması və təhsil standartları vasitəsilə ekoloji savadlılığın artırılmasını təmin edəcək.

Fermerlər üçün Bakı Ahəngdar İqlim Təşəbbüsü

Bu təşəbbüs təcrübə mübadiləsi, sinerji və boşluqların müəyyən edilməsi, maliyyənin asanlaşdırılması və kənd təsərrüfatı, qida və su sahələrində əməkdaşlığın təşviqi, o cümlədən yerli icmaların və kənd yerlərində qadınların səlahiyyətlərinin artırılması üçün təşəbbüs, koalisiya və şəbəkələri bir araya gətirərək aqreqator rolunu oynayacaq.

Üzvi tullantılarda metanın azaldılması

Yekun Bəyannamə tullantı və qida sistemlərində metanın azaldılması üçün kəmiyyət hədəfləri ilə milli iqlim siyasəti sənədlərində 1,5oC-yə uyğunlaşdırılmış tullantı sektoru öhdəlikləri istiqamətində işi asanlaşdıracaq.

Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları (MAP)

Yekun Bəyannamə şəhərlərdə iqlim problemlərini həll etmək üçün çoxsahəli əməkdaşlığı və bütün şəhər iqlimi şəraitində uyğunluq yaratmaq və şəhər iqliminin maliyyələşdirilməsinin sürətləndirilməsi təşəbbüsünü inkişaf etdirməyə çalışacaq.

Turizm üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti

Yekun Bəyannaməyə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr üzrə turizm üçün sektoral hədəflər daxil ediləcək və sözügedən Bəyannamə emissiyaların azaldılması, eləcə də sektorda davamlılığın artırılması yolu ilə dayanıqlılıq təcrübələrini təşviq edəcək. Sektorda şəffaflığı artırmaq və turizmdə dayanıqlı qida sistemləri üçün çərçivələri təmin etmək məqsədilə nəticələri olan növbəti təşəbbüs irəli sürüləcək.

İqlim Fəaliyyəti naminə Su

Yekun Bəyannamə maraqlı tərəfləri iqlim dəyişməsinin su hövzələrinə və su ilə əlaqəli ekosistemlərə səbəb və təsirləri ilə mübarizə zamanı inteqrasiya olunmuş yanaşmalar qəbul etməyə, regional və beynəlxalq əməkdaşlığı gücləndirməyə, milli iqlim siyasətlərində su ilə bağlı təsirlərin yumşaldılması və adaptasiya tədbirlərini birləşdirməyə çağıracaq. Bəyannamə bu sahədə COP-dan COP-a davamlılığı və ardıcıllığı artırmaq üçün İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoquna başladacaq.

Bakı Qlobal İqlim Şəffaflığı Platforması (BTP)

Platforma İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması və təqdim edilməsində inkişaf etməkdə olan Tərəf ölkələri dəstəkləyəcək, Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin tam spektri üzrə bütün Tərəflər arasında əməkdaşlığı və bilik mübadiləsini təşviq edəcək və ehtiyac duyulan yerlərdə potensialın gücləndirilməsi resurslarını daha yaxşı səfərbər edəcəkdir.

11 noyabr – COP29-un açılışı

Azərbaycan rəsmi olaraq COP-a sədrliyə başlayır. SBI və SBSTA rəhbərlərinin sədrliyi ilə Yardımçı Qurumların 61-ci iclası başlayır.

12-13 noyabr – İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Zirvə Toplantısı

Dünya liderləri Paris Sazişini necə irəli apardıqlarını nümayiş etdirmək üçün toplaşacaq və milli bəyanatlar verəcəklər. Bu Zirvə Toplantısı zamanı COP29 Sədrliyi ambisiyaları artırmaq, fəaliyyətə təkan vermək və bütün maraqlı tərəflərə çatdırmaq üçün aydın siyasi iradənin olduğunu nümayiş etdirmək məqsədilə COP29 Planının iki sütunu ətrafında konsensus yaratmağa çalışacaq.

COP29 Sədrliyi Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC), Milli Adaptasiya Planları (NAP) və uzunmüddətli istixana qazı emissiyalarının inkişaf strategiyaları vasitəsilə təsirlərin yumşaldılması və uyğunlaşması üçün ambisiyaların artırılması da daxil olmaqla, əsas mövzulara toxunacaq liderlər səviyyəsindəki dialoqlara ev sahibliyi edəcək. Sədrlik həmçinin, ABŞ və Çinlə birlikdə metan və CO 2 olmayan İstixana Qazı (İXQ) Zirvə Toplantısına ev sahibliyi edəcək.

COP29 Liderlər Sammitində 100-dən artıq dövlət və hökumət başçısının, vitse-prezidentlərin iştirakı gözlənilir.

14 noyabr – Maliyyə, İnvestisiya və Ticarət

İqlim məqsədlərimizə çatmaq üçün COP29 Sədrliyi "ticarətin yaşıllaşdırılması" ilə yanaşı, ekoloji malların və aşağı karbonlu texnologiyaların təşviqi ilə birlikdə iqlim maliyyəsini kollektiv şəkildə genişləndirməyi hədəfləyir. Bu, dayanıqlı iş yerləri yarada və Qlobal Cənub ölkələrinin uzunmüddətli iqlim məqsədlərinin həyata keçirilməsi üçün lazım olan investisiya və texnologiyalara çıxışını təmin edə bilər.

COP29 Sədrliyi iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) üzrə yüksək səviyyəli görüşə, İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun başlanılması üzrə yüksək səviyyəli tədbirə, ikinci Biznes, İnvestisiya və Xeyriyyə Platformasına start verilməsi üzrə yüksək səviyyəli tədbirə, eləcə də iş yerləri və bacarıqlar daxil olmaqla, ədalətli keçidə sərmayələrə təkan verilməsi üzrə yüksək səviyyəli dialoqa ev sahibliyi edəcək.

15 noyabr – Enerji / Sülh, Yardım və Bərpa

Enerji istixana qazları emissiyalarına böyük töhfə verir və qlobal iqlim fəaliyyəti üçün əsas prioritet hesab olunur. İlk Qlobal Baxışın nəticələrinə əsaslanaraq və icraya doğru irəliləyərək, COP29 maraqlı tərəflərin toplanması və kollektiv irəliləyiş əldə etmələri üçün yer təmin edəcək. İqlim və sülh bir-biri ilə dərindən əlaqəlidir, çünki iqlim hadisələri və münaqişələr insanların etibarsızlığına və məcburi miqrasiyaya səbəb ola bilər ki, bu da əsasən inkişaf etməkdə olan və aşağı gəlirli ölkələrdə həssas qruplara təsir göstərir.

COP29 Sədrliyi Yaşıl Enerji üzrə zona və dəhlizlər, Enerji saxlanması və şəbəkələri və Hidrogen üzrə yüksək səviyyəli görüş keçirəcək və müvafiq COP29 Bəyannamələrinə start verəcək. Sədrlik digərləri ilə birlikdə “COP29 – İqlim və Sülh” Müştərək Təşəbbüsü üçün yüksək səviyyəli tədbirə ev sahibliyi edəcək, həmsədrlər qrupu ilə birlikdə sülh üçün iqlim fəaliyyətinin aktuallığına dair birgə çağırış təqdim edəcək.

16 noyabr – Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma

Rəqəmsal texnologiyalar iqlim fəaliyyətinə dəstək vermək üçün əsas rola malikdir, lakin enerji istehlakına və elektron tullantılara da töhfə verə bilər. İlk Rəqəmsallaşma Günü texnologiyaların ətraf mühitə təsirlərini yumşaldaraq, onların faydalarını əldə edən davamlı rəqəmsal transformasiya üçün birgə fəaliyyəti təşviq edəcək.

Sədrlik iqlimlə bağlı fəaliyyət üçün rəqəmsallaşmanın roluna dair yüksək səviyyəli dəyirmi masa keçirəcək və əlaqəli Bəyannaməni təqdim edəcək.

17 noyabr – İstirahət günü; Tematik Proqram yoxdur

Yardımçı Qurumların 61-ci iclası başa çatacaq və Azərbaycan COP29 Sədrliyi Paris Sazişinin Tərəflərinin görüşü kimi fəaliyyət göstərən Tərəflərin 6-cı Konfransına (CMA 6) sədrlik etməyə hazırlaşacaq.

18 noyabr – İnsan inkişafı / Uşaqlar və Gənclər / Sağlamlıq / Təhsil

İqlim dəyişməsi daha sağlam, daha yaxşı təhsil almış və adekvat bacarıqlı şəxslər, xüsusən də gənclər tərəfindən dəstəklənən bütün cəmiyyət yanaşmasını tələb edəcək. İlk dəfə keçiriləcək İnsan İnkişafı Günündə insan inkişafı, gənclər, səhiyyə və təhsil məsələlərinə bir-biri ilə əlaqəli məsələlər kimi yanaşılacaq, eyni zamanda hər bir tematik problemə, o cümlədən iqlim dəyişməsinə ayrıca bir prioritet kimi hərtərəfli baxılacaq.

İnsan inkişafı, sağlamlıq və iş yerlərinə sərmayə yatırılması ilə bağlı bir sıra yüksək səviyyəli görüşlər və tədbirlərə ev sahibliyi ediləcək və burada İqlim dəyişməsinə qarşı davamlılıq üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsünü işə salınacaq.

19 noyabr – Qida, Su və Kənd Təsərrüfatı

Qlobal istiləşmə su dövranını pozur və bütün dünyada insanlar üçün ərzaq təhlükəsizliyini təhdid altında saxlayır. COP29-da bütün maraqlı tərəflər iqlim və kənd təsərrüfatı məsələlərində ardıcıl və kollektiv fəaliyyət öhdəliyi götürmək üçün bir araya gələ bilərlər.

Fermerlərin Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması üçün üzvi tullantılarda metanın azaldılmasına dair görüş də daxil olmaqla bir sıra yüksək səviyyəli tədbirlərə, ev sahibliyi ilə bərabər bu görüşdə əlaqədar Bəyannamə də təqdim ediləcək.

20 noyabr – Urbanizasiya / Nəqliyyat / Turizm

Şəhər mühitində iqlim dəyişməsi ilə bağlı problemlərin həlli yerli səviyyədən regional və qlobal səviyyəyə qədər bütün sektorlar və səviyyələr arasında daha çox fəaliyyət tələb edir. Bundan əlavə, iqlim gündəmində nəqliyyatın rolu əlaqəli prioritet kimi nəzərdən keçiriləcək. Sektorun necə təsirləndiyinə və töhfə verə biləcəyinə diqqəti artırmaq üçün COP-da həmçinin, ilk Turizm Günü də keçiriləcək.

Yaşıl tikinti, nəqliyyat və infrastruktur, təbiət, şəhərlərdə sağlamlıq və davamlılıq, iqlim fəaliyyətinin maliyyələşdirilməsi üzrə urbanizasiyaya aid yüksək səviyyəli görüş və dəyirmi masalar keçiriləcək və Davamlı və Sağlam şəhərlər üçün COP29 MAP Bəyannaməsi təqdim ediləcək. Sədrlik həmçinin turizm üzrə yüksək səviyyəli görüş təşkil edəcək və Turizmdə Təkmilləşdirilmiş Fəaliyyət üzrə COP29 Bəyannaməsini təqdim edəcək.

21 noyabr – Köklü xalqlar/ Gender bərabərliyi / Təbiət və biomüxtəliflik / Okeanlar və sahilyanı bölgələr

Köklü xalqlar dünyanın biomüxtəlifliyinin 80%-ni və bütöv meşə landşaftlarının 36%-ni qoruyur, qadınların rəhbərlik etdiyi iqlim fəaliyyəti və təbiətə əsaslanan həllər iqlimin yumşaldılması və adaptasiyası üçün transformativ yolları təmsil edir. Həm insan cəmiyyətlərinin, həm də təbiətin və biomüxtəlifliyin rifahı üçün su vacibdir.

İqlim Fəaliyyəti ilə əlaqədar Su haqqında COP29 Bəyannaməsini təqdim etmək üçün gender mövzusunda yüksək səviyyəli tədbir, su üzrə yüksək səviyyəli görüş keçiriləcək.

22 noyabr – Yekun Müzakirələr

Tərəflərin danışıqların son mərhələlərinə diqqətini cəmləməsinə şəraitin yaradılmasını təmin etmək məqsədilə son gündə tematik proqram nəzərdə tutulmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top