Doğuşda vaxtın planlaşdırılması — “Zerkalnı” tarix üçün qeysəriyyəni seçmək doğrudurmu?

MARAQLI 25 oktyabr 2024, 09:37
Qeysəriyyə əməliyyatları əvvəl sadəcə riskli doğuşlarda həyata keçirilirdisə, indi sanki insanlar arasında dəbə çevrilib. Kimisi daha rahat doğuş olduğunu düşünüb qeysəriyyəni seçir. Kimisinin də məqsədləri tamam başqadır.
 
Belə ki, ölkəmizdə qeysəriyyə əməliyyatı ilə doğuş o qədər adiləşib ki, insanlar uşaqlarının doğum tarixi “zerkalnı” olsun deyə qeysəriyyəni seçirlər. Hətta həmin tarixlərdə xəstəxanalarda rekord sayda doğuşlar həyata keçirilir. Həkimlərin sözlərinə görə, hazırda qeysəriyyəyə meylin artmasının əsas səbəbi də elə doğum tarixinin planlaşdırılmasıdır.

Həyati risk yoxdursa, qeysəriyyə əməliyyatını seçməyin

Demokrat.az xəbər verir ki, bu barədə ginekoloq Rəşad Sultan Bizim.Media-ya bildirib ki, sırf tarix üçün qeysəriyyə etmək yanlışdır:

“Biz hər gün deyirik ki, normal doğuşların faiz nisbəti artırılmalıdır, lazımsız qeysəriyyələrin sayını azaltmalıyıq. Çünki qeysəriyyə əməliyyatdır. Orqanizm üçün riskləri təbii doğuşdan daha çoxdur. Bəzən olur ki, pasiyent gəlir, çox rahat təbii doğuş edə bilər. Amma tarix üçün  qeysəriyyə edir”.

“Analar öz uşaqlarına bilə-bilə zərər verirlər...”

Ginekoloq bunun yarada biləcəyi problemlərə də toxunub.

“Bəzən valideynlər sırf tarix üçün doğuşu vaxtından çox qabağa çəkirlər. Bu tamamilə yanlışdır, erkən doğuş uşaqda tənəffüs, həzm kimi bir çox problemlərə yol aça bilir. Uşaq bu səbəbdən reanimasiyada, özəl baxımda qalır. Yeni doğulmuşların problemli olmasına gətirib çıxarır.

Beləliklə, öz uşaqlarına özləri bilə-bilə zərər verirlər”.

Təbii doğuşda da vaxtı planlamaq olur?

Rəşad Sultan məlumat üçün bildirib ki, vaxtın planlaşdırılması təbii doğuşlarda da mümkündür. Amma o bunu da dəstəkləmir, ümumiyyətlə uşağın doğum tarixi şəxsi maraqlara görə planlaşdırılmamalıdır:

“Sadəcə qeysəriyyəni yox, təbii doğuşu da planlı etmək mümkündür. Biz normal doğuşu özümüz induksiya edə bilirik. Düzdü, bu da doğru deyil, amma tibbdə var. Müəyyən qədər doğuşu planlı etmək mümkündür. Sadəcə olaraq bunu çox geniş tətbiq etmək doğru deyil. Vaxtı keçmiş hamiləlikdə etmək olar və ya heç olmasa 39 həftədən sonra doğuşu induksiya edib planlı şəkildə müəyyən günə salmaq olar”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
Top