"Həkimlər qadınların qorxularını gəlir mənbəyinə çevirib" — AÇIQLAMA

GÜNDƏM 10 oktyabr 2024, 14:35
Qeysəriyyə kəsiyi əməliyyatının qanunsuz aparılmasına görə vəzifəli şəxslər 5 min manatdan 7 min manata qədər, hüquqi şəxslər isə 10 min manatdan 15 min manata qədər cərimə olunmalıdırlar. 

 Bəs hazırda  vəziyyət necədir?

Məsələ ilə bağlı sosioloq Lalə Mehralı Demokrat.az- açıqlama verib: 

"Bir çox qadın qeysəriyyə əməliyyatının ana və körpə üçün mənfi təsirlərini bilmir"

 "Qeysəriyyə ilə doğuşa üstünlük verilməsi yalnız tibbi göstərişlərə görə olmalıdır. Körpənin normal doğuşa uyğun vəziyyətdə olmaması səbəbindən qeysəriyyə əməliyyatı olunması versiyası da son illər dünya tibbindən çıxarılır. Çünki ana qarnına kənardan müdaxilə etməklə, xüsusi masaj vasitəsi ilə təbii doğuş üçün tərs pozisiyada dayanmış körpə masaj edilməklə düzgün pozisiyaya gətirilir və təbii doğuş baş tutur. Qeysəriyyə ilə doğuş planlaşdırılan əməliyyatdır. Hər əməliyyatda olduğu kimi, bu doğuş üsulunun da riskləri var. Ona görə də qesəriyyə ilə doğuş könüllülük əsasında yox, yalnız tibbi göstərişlər əsasında təyin edilməlidir. Təəssüf ki, bizim ölkəmizdə bu seçim qadının öz ixtiyarına verilir, körpəsini dünyaya gətirmək üçün o istədiyi üsulu seçməkdə sərbəstdir. Lakin bir çox qadın qeysəriyyə əməliyyatının ana və körpə üçün mənfi təsirlərini bilmir.Bütün gələcək xəstəliklərə də məhz bu dövrün əskikliyi yol açır".

"Həkimlər bu qorxuları gəlir mənbəyinə çevirib"

Qadın bilməyə bilər. Hər kəs savadlı ola bilmir. Təcrübəsiz qadınların sayı çoxdur. İlk doğuşunda doğuş ağrıları səbəbindən həkimi, ətrafı tərəfindən, qulaqdan-qulağa dolan məlumatlarla qorxudulan qadınlar çoxdur. Həkimin həm vəzifə, həm də insani olaraq ən böyük borcu qadının qorxularının öhdəsindən gəlməsinə kömək etməkdir. Həkim ona izah etməlidir ki, hər bir canlı bu proseslərdən keçir. Bu təbiətin insana verdiyi təkamül formasıdır. Həkim qadını minimum qorxu ilə almalıdır doğuş masasına. Qadın hiss etməlidir ki, onun yanında hər an müdaxiləyə hazır həkim var. Təəssüf ki, həkimlər bu qorxuları gəlir mənbəyinə çevirib. 

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top